Dastançılıq ənənələri qorunur

 

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Qaçqın və məcburi köçkün bölgələrindən olan ustad aşıqlara məxsus dastançılıq ənənəsinin qorunması” layihəsi çərçivəsində Göygöl şəhərində tədbir keçirib.

Tədbirdə çıxış edən Göygöl rayon Aşıq Şəmşir adına Musiqi məktəbinin direktoru Nurana Əliyeva bildirib ki, Azərbaycan dünyada ən zəngin folklora sahib ölkələrdəndir. Folklorumuzun mühüm bir sahəsini təşkil edən dastanlarımız öyrənilib tədqiq olunsa da, onların bir çoxu aşıqların ifasında lentə alınmayıb. Müasir dövrdə gənc aşıqlar arasında dastançı aşıq ənənəsi aradan qalxır.

Xüsusilə bu gün qaçqın və məcburi köçkün bölgələrindən olan bəzi ahıl aşıqların ifasında səslənən dastanlar yazıya alınmazsa, onlar itmək təhlükəsi ilə üz-üzə qalacaqbu bölgələrin dastançılıq ənənəsi pozulacaq.

Çıxış edənlər UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilən aşıq sənətinin xalqımızın mədəniyyət tarixində mühüm yeri olduğunu bildirib, bu sahəyə dövlət qayğısından söz açıblar. Çıxışlarda bu cür layihələrin əhəmiyyəti vurğulanıb.

Sonda ustad aşıq Fətulla Göyçəlinin ifasında xalq dastanlarından nümunələr səsləndirilib və gənc aşıqlara dastanlarımız haqqında məlumat verilib.

 

Mədəniyyət.- 2018.- 1 avqust.- S. 5.