Şöhrəti ölkələr dolaşan xanəndə

 

Azərbaycanın muğam, sənət beşiyi Şuşanın musiqi mədəniyyətimizə bəxş etdiyi görkəmli xanəndələr arasında Məşədi Məmməd Fərzəliyevin də adı hörmətlə çəkilir.

1872-ci ildə dünyaya göz açan xanəndə kiçik yaşlarından muğam ifaçılığına maraq göstərib, Gəncə, Tiflis, Batumi, Vladiqafqazİstanbulda yaşayıb fəaliyyət göstərib. Musiqişünas Firidun Şuşinski araşdırmalarında Məşədi Məmməd Fərzəliyev haqqında yazır: “Onun gözəl zəngulələri, uzun nəfəsləri və məlahətli səsi dinləyiciləri valeh edib. Bir neçə forma və mərtəbədə sürəkli, şəlalə kimi çağlayan zəngulələr vurmaqda bənzərsiz olub. Məhz məlahətli səsinə görə dövrünün tanınmış xanəndələri ona həsəd aparıblar. Cabbar Qaryağdıoğlu sənət dostunun şirin və yapışıqlı səsini yüksək qiymətləndirib. Hətta onu özünə “rəqib” də hesab edib. Hansısa musiqi məclislərinin birində etiraf edib ki, Qafqazda mənə rəqib iki xanəndə var: biri Zabul Qasım, o birisi isə Məşədi Məmməddir...”.

Xanəndənin ifasında “Bayatı-kürd”, “Rast”, “Şur”, “Çahargah”, “Heyratı”, “Mənsuriyyə”, “Simayi-şəms”, “Qarabağ şikəstəsi”, “Arazbarı” və s. muğam və təsniflər musiqisevərlərin könlünü oxşayıb. Belə deyirlər ki, Cabbar Qaryağdıoğlu “Mahur”, Seyid ŞuşinskiÇahargah”, İslam AbdullayevSegah” ustası kimi ad-san qazanmışdısa, Məşədi Məmməd də “Şüştər”ə öz möhürünü vurub. Mənbələrdə qeyd olunduğuna görə, bu görkəmli sənətkardan sonra uzun müddət heç kəs “Şüştər” oxumayıb.

S.Şuşinski xatirələrində yazır: “Bir gün məni Tiflisdən Gəncəyə toy məclisinə dəvət etdilər. Məclisdə Musa Şuşinski və Məşədi Məmməd Fərzəliyev də vardı. Günortadan sonra məclis qızışdı. Əvvəl MusaSegah”, sonra Məşədi Məmməd “Şüştər” oxudular. Mən onun nəinki şirin guşələrinə, duzlu xallarına valeh olmuşdum. Hətta özümü belə unutmuşdum...”. 

Səsinin şöhrəti Qafqazın hüdudlarını aşan sənətkarın 1912-1915-ci illərdə VarşavadaSport-Rekord” şirkəti tərəfindən ifası vala köçürülüb. Kiyevdə fəaliyyət göstərən “Ekstrafon” şirkəti də xanəndənin ifalarını vala yazıb. Ümumilikdə onun ifasında qırxa qədər muğam, təsnif və xalq mahnıları qrammofon valına yazılıb.

Müasirlərinin xatirələrindən bəlli olur ki, Məşədi Məmməd daha çox Xurşudbanu Natəvanın qəmlə yüklənmiş qəzəllərini ifa edib. Şairin

 

Fələk, məntək bu dünyada

                qəmi-möhnət çəkən yoxdur,

Bu qədər səfheyi-rüxsarə

                gözyaşı tökən yoxdur.

 

- beyti ilə başlanan məşhur qəzəli xanəndənin konsertlərinin hamısına bir proloq olub...

 

Ötən əsrin əvvəllərindən başlayaraq o, həmişəlik Tiflisdə yaşamağa qərar verir. Çünki həmin dövrdə artıq bu şəhər mədəniyyət mərkəzi sayılırdı. Burada tez-tez “Şərq konsertləri” təşkil olunurdu. 1913-cü ildə keçirilən belə konsertlərin birində Məşədi Məmməd də iştirak edir. K.Zubalov adına Xalq evində Sidqi Ruhullanın rejissorluğu ilə “Leyli və Məcnun” operasının son pərdəsi tamaşaya qoyulur. Zeyd rolunu o canlandırır. Opera həvəskarlarının xahişi ilə sənətkar bu zaman bir neçə muğam da ifa edir.

Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra Məşədi Cəmil Əmirovun dəvəti ilə Gəncəyə gələn Məşədi Məmməd Fərzəliyev şəhərdəki musiqi məktəbində muğamatdan dərs deyir. Yeni xanəndələr nəslinin yetişməsinə böyük səy göstərən sənətkar eyni zamanda Gəncə toylarında da yaxından iştirak edir, insanların zövqünü oxşayır. S.Şuşinskinin “Məşədi Məmməd Fərzəliyevin “Axşam oldu” təsnifini dinləmək musiqini sevənlər üçün böyük səadət idi” sözləri məşhur xanəndə haqqında fikirləri daha da möhkəmləndirir.

Şöhrəti diyarlar, ölkələr dolaşan sənətkarın Moskvada keçirilən konserti rəsmi dairələrdə böyük əks-səda doğurur. Qəzetlərdə ifaçılıq məharəti yüksək qiymətləndirilir. Məhz həmin konsertdən sonra onun xaricə qastrol səfərləri geniş vüsət alır. Almaniya, Fransa, Polşa, İngiltərə, Rumıniya, İran və Türkiyədə xanəndənin heyranedici səsinə maraq göstərənlərin sayı artır. Londonda tamaşaya qoyulan “Arşın mal alanmusiqili komediyasında Əsgərin ariyasını məhz Məşədi Məmməd ifa edir...  Məlum olduğu kimi, ötən əsrin 20-ci illərinin sonlarından etibarən SSRİ-də siyasi rejim üzünü daha sərt şəkildə göstərir, acı repressiya küləyi ölkəni bürüyür. Xüsusilə ziyalıları hədəf seçən bu ölüm kabusu hər gecə bir şairi, sənətkarı və ictimai xadimi öz isti yuvasından qoparıb aparır. Bu çətin vaxtlarda qorxu və şübhə hisləri Məşədi Məmməd Fərzəliyevi də sarır. Səsinin ahəngi dəyişir, əhval-ruhiyyəsi pozulur, şuxluğu itir. Buna görə də böyük bir ümidlə Türkiyəyə pənah aparır və İstanbulda yaşayır.

O, doğma Qarabağdan uzaqlarda qərar tutsa da, vətən həsrətini, nisgilini ömrünün sonunadək qəlbinin dərinliklərində, oxuduğu xalq mahnılarında və muğamlarda yaşayır. Məşhur xanəndə 1962-ci ildə, 90 yaşında dünyasını dəyişir.

 

Savalan FƏRƏCOV

 

Mədəniyyət.- 2018.- 1 avqust.- S. 15.