Nigeriya jurnalında Azərbaycan mətbəxinə ekskursiya

 

Nigeriyanın məşhur LİL Magazine mətbəx jurnalının avqust nömrəsində Azərbaycan yeməklərindən bəhs edilib.

Azərbaycan mətbəxinə ekskursiya adlı məqalələrin müəllifi bu ölkədə yaşayan həmyerlimiz Billurə Bayramovadır.

Yazılarda Azərbaycan mətbəxinin ən ləziz təamlarından bəhs olunub. Qeyd edilib ki, Azərbaycan mətbəxində müasir mətbəx nümunələri ilə yanaşı ənənəvi qədim yemək reseptləri də qorunub saxlanılmaqdadır.

Müəllif nigeriyalı oxuculara Azərbaycan mətbəxində xüsusi yeri olan ənənəvi Saciçi yeməyinin reseptini təqdim etməklə yanaşı, onun ölkəmizin qədim, tarixi məkanlarından olan Lahıc misgərlərinin hazırladığı xüsusi saclarda bişirildiyini də diqqətə çatdırır.

Jurnalda, həmçinin milli mətbəximizin ləziz təamlarından olan düşbərə, qutab və digər yeməklər barədə məlumat verilir. Müəllif düşbərə, ət və göyərti qutabının içində istifadə olunan inqrediyentləri, hazırlama qaydasını izah edir.

 

Mədəniyyət.- 2018.- 17 avqust.- S. 7.