“100 illik tariximiz” – “Bölgələrdən bölgələrə”

 

Regionlarımızın zəngin irsini və mədəni müxtəlifliyini nümayiş etdirən yaradıcılıq festivalı başa çatdı

 

Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə keçirilən “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı ayyarım ərzində bütün ölkəmizi gəzdi. Azərbaycan xalqının zəngin mədəni irsinin təbliği, bölgələrin mədəni imkanlarının nümayişi, eləcə də regionlararası mədəni mübadiləni gücləndirmək məqsədi daşıyan layihə iyunun 25-dən avqustun 10-dək  ardıcıl olaraq Mədəniyyət Nazirliyinin 15 regional idarəsinin hər birinin şəhər və rayonlarında gerçəkləşdi.

Qeyd edək ki, “100 illik tariximiz” devizi altında reallaşan layihəyə iyunun 25-də Masallı şəhərində (Masallı Regional Mədəniyyət İdarəsi) start verilmişdi. Festival iyunun 26-da Lənkəranda (26 iyun), iyunun 30-da Salyanda (Biləsuvar Regional Mədəniyyət İdarəsi), 1 iyulda Sabirabadda, 7 iyulda Füzuli rayonunun Horadiz şəhərində (Kürdəmir Regional Mədəniyyət İdarəsi), ardınca Ağdamın (Ağcabədi Regional Mədəniyyət İdarəsi) Quzanlı qəsəbəsində (8 iyul), Göyçay (Ağdaş Regional Mədəniyyət İdarəsi) şəhərində (14 iyul), Mingəçevir (Bərdə Regional Mədəniyyət İdarəsi) şəhərində (15 iyul) təşkil olunub. Daha sonra layihənin növbəti mərhələləri iyulun 21-də Göygöl rayonunda (Şəmkir Regional Mədəniyyət İdarəsi), 22-də Naftalan şəhərində (Gəncə Regional Mədəniyyət İdarəsi), iyulun 27-də Oğuz şəhərində (Şəki Regional Mədəniyyət İdarəsi), 28-də isə İsmayıllıda gerçəkləşib. Layihənin son üç tədbiri 3 avqustda Qusarda (Xaçmaz Regional Mədəniyyət İdarəsi), 4 avqustda Sumqayıtda, avqustun 10-da Tovuzda (Ağstafa Regional Mədəniyyət İdarəsi) təşkil olunub. Festivalın tədbirlərində nazirliyin regional idarələrinin hər biri öz guşə-çadırı ilə təmsil olunub.

 

* * *

 

Qusar şəhərinin mərkəzindəki Mahmud Əbilov adına meydanda təşkil olunan tədbirin əvvəlində bölgələrimizin mədəni irsini əks etdirən sənətkarlıq nümunələri, rəsmlər, suvenirlər və digər əl işlərinin nümayiş etdirildiyi sərgi təqdim olunub. Mədəniyyət Nazirliyinin regional idarələri tərəfindən qurulan festival çadırları yerli sakinlər və qonaqların marağına səbəb olub.

Tədbirdə diqqətə çatdırılıb ki, Mədəniyyət Nazirliyinin dəstəyi və təşkilatçılığı ilə bölgələrimizin mədəni irsinin təbliği istiqamətində mütəmadi layihələr icra olunur. 2010-2014-cü illərdə reallaşdırılan “Xalq yaradıcılığı paytaxtları” proqramı bu qəbildəndir. Proqram çərçivəsində beş il ərzində ümumilikdə 15 şəhər və rayon “əfsanələr” (Gəncə, Şabran, Gədəbəy, Xaçmaz, Qəbələ), “folklor” (Lənkəran, Qazax, Masallı, Zaqatala, Balakən) və “sənətkarlıq” (Şəki, İsmayıllı, Quba, Göygöl,  Abşeron) nominasiyaları üzrə “paytaxt” seçilib, ilboyu çoxsaylı tədbirlər keçirilib. 2015-ci ildə “Ədəbiyyat paytaxtı” (Şamaxı) və “Milli mətbəx paytaxtı” (Qax) nominasiyaları üzrə layihələr gerçəkləşib. 2015-2016-cı illərdə nazirlik tərəfindən reallaşdırılan “Bölgələrdən paytaxta” layihəsi çərçivəsində şəhər və rayonlarımızın mədəni irsi Bakıda nümayiş etdirilib.

“Bölgələrdən bölgələrə” layihəsi isə ilk dəfə ölkəmizin bütün regionlarını əhatə etməklə onların mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə bütöv halında, bir festival meydançasında tanış olmaq imkanı yaradır.

Çıxışlardan sonra regional mədəniyyət idarələrinin folklor qruplarının, incəsənət və bədii özfəaliyyət kollektivlərinin ifasında təqdim edilən musiqi nömrələri, rəqslər hamıda xoş ovqat yaradıb.

Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev belə tədbirlərin bölgələrin mədəni irsinin təbliği baxımından böyük əhəmiyyətə malik olduğunu qeyd edib: “Azərbaycanın şimal bölgəsi qədim tarixi, zəngin mədəniyyət abidələri, eləcə də füsunkar təbiəti yerlixarici qonaqları cəlb edir. Bu möhtəşəm yaradıcılıq festivalının yay mövsümündə keçirilməsi həm ölkəmizə gələn xarici qonaqlara, həm də yerli sakinlərə bölgələrin rəngarəng mədəni həyatı ilə əyani şəkildə tanış olmağa imkan yaradır”.

Ağdaş Regional Mədəniyyət İdarəsini təmsil edən Məlahət Məmmədova deyib: “Bu festivalın iştirakçısı olmaqdan məmnunam. Öz bölgəmizi təmsil etmək, festivala qatılan qonaqlara rayonumuz haqda, sərgidə təqdim olunan mədəni irs nümunələri barədə məlumat vermək olduqca xoşdur”.

İsmayıllı Regional Mədəniyyət İdarəsinin nümayəndəsi Rafael Tağızadə isə qeyd edib ki, festival bölgələr arasında mədəni mübadilənin daha da dərinləşməsinə təkan verəcək, regionlararası yaradıcılıq əlaqələri genişlənəcək.

 

* * *

 

“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının bir sonrakı ünvanı Sumqayıt şəhəri  olub. Şəhərdəki dənizkənarı bulvar ərazisində regional mədəniyyət idarələrinin çadırları qurulub, sənətkarlıq nümunələri, rəsmlər, suvenirlər və digər əl işlərinin satış-sərgisi keçirilib. Şəhər sakinləri, mədəniyyət işçiləri, respublikamızın bölgələrindən gələn qonaqlar sərgi ilə tanış olublar.

Regional mədəniyyət idarələrinin təqdim etdikləri konsert proqramı da rəngarəngliyi ilə yadda qalıb. Mərasimdə iştirak edənlər bölgələrin mədəni irsinin təbliği baxımından belə tədbirlərin əhəmiyyətini yüksək qiymətləndiriblər.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov bildirib ki, Mədəniyyət Nazirliyinin həyata keçirdiyi “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı ölkəmizin bütün regionlarını əhatə edən bir mədəniyyət hadisəsinə çevrilib: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr olunmuş bu festival artıq bir aydan çoxdur ki, davam edir. Festival bu gün Sumqayıt şəhərinin qonağıdır. Burada 15 regional mədəniyyət idarəsinə daxil olan rayonlar öz mədəni potensialını nümayiş etdirir. Bu layihə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunması ilə yanaşı, bölgələr arasında mədəni mübadilənin gücləndirilməsinə də təkan verəcək”.

Festivala qatılan Sumqayıt şəhər sakinləri də tədbiri maraqla izləyiblər. Şəhər sakini Akif Hüseynəliyev belə festivalların davamlı olaraq keçirilməsini arzu etdiyini deyərək təşkilatçılara minnətdarlığını bildirib.

 

* * *

 

“100 illik tariximiz” devizi ilə keçirilən yaradıcılıq festivalının sonuncu – sayca 15-ci ünvanı Tovuz rayonu olub. Rayondakı Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Mədəniyyət Nazirliyinin, rayon İcra Hakimiyyətinin təmsilçiləri, kənd və qəsəbələrin sakinləri, mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri, həmçinin respublikamızın digər bölgələrindən gəlmiş qonaqlar iştirak ediblər.

Tədbirdə layihənin məqsədindən, festivalın əhəmiyyətindən söz açılıb.

Mədəniyyət Nazirliyinin 15 regional idarəsi tərəfindən qurulmuş çadırlarda bölgələrin mədəni irsi nümayiş olunub. Sonra regionların bədii özfəaliyyət kollektivləri, folklor və rəqs qrupları konsert proqramı ilə çıxış ediblər.

Festival iştirakçılarının çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Rayon sakinləri tədbirin təşkilatçılarına minnətdarlıqlarını ifadə ediblər.

Tədbir atəşfəşanlıqla sona çatıb.

Beləliklə, Mədəniyyət Nazirliyinin regionlararası mübadiləyə zəmin olan daha bir layihəsi yekunlaşdı. Festival günlərində yerli sakinlər, tədbirə qatılan bölgələrin nümayəndələri, eləcə də həmin günlərdə regionlarımızda olan qonaqlar ölkəmizin mədəni zənginliyi ilə tanışlıq imkanı qazandılar.

 

Mədəniyyət.- 2018.- 17 avqust.- S. 8; 9.