III Dünya Köçəri Oyunlarında ölkəmiz geniş heyətlə iştirak edəcək

 

 

 

Sentyabr ayının 2-dən 8-dək İssık-Kul gölünün sahilində keçiriləcək III Dünya Köçəri Oyunlarında Azərbaycan geniş heyətlə təmsil olunacaq. Bu barədə Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov bu ölkənin Prezident Aparatının Xarici siyasət şöbəsinin müdiri Daniyar Sıdıkovla görüşdə bildirib.

Səfir I və II Dünya Köçəri Oyunlarında ölkəmizdən çoxsaylı idmançı və görkəmli mədəniyyət xadimlərinin iştirak etdiyini xatırladıb.

İki ölkə arasında son illərdə humanitar sahədə əməkdaşlıq üzrə çox işlər görülüb. Həm Bişkekdə, həm də Bakıda mühüm mədəniyyət tədbirləri keçirilib. Azərbaycanın görkəmli mədəniyyət xadimləri Üzeyir Hacıbəylinin, Rəşid Behbudovun, Qara Qarayevin, Mir Cəlal Paşayevin, Anarın yubileyləri və digər mədəniyyət tədbirləri Qırğızıstanda yüksək səviyyədə təşkil edilib. Bu tədbirlər Qırğızıstan ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb”, - deyə diplomat vurğulayıb.

Türk dünyasının görkəmli yazıçısı Çingiz Aytmatovun ölkəmizdə çox sevildiyini qeyd edən səfir deyib ki, Azərbaycan Prezidentinin tapşırığı ilə yazıçının 80 və 85 illik yubileyləri yüksək səviyyədə keçirilib, bu il də yazıçının 90 illiyi münasibətilə ölkəmizdə silsilə tədbirlər təşkil olunacaq.

D.Sıdıkov Azərbaycan və qırğız xalqları arasında tarixi bağlılığın olduğunu qeyd edərək bildirib ki, biz hər zaman və hər yerdə bir-birimizi müdafiə etməliyik. O, sentyabrın 3-də Qırğızıstanda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Sammitinin keçiriləcəyini xatırladaraq bu tədbirin qardaş türk dövlətləri arasında münasibətlərin inkişafı üçün yeni mərhələnin başlanğıcı olacağına ümid etdiyini vurğulayıb.

 

Mədəniyyət.- 2018.- 22 avqust.- S.6.