Ömər Xəyyamın rübailəri türk xalqlarının dillərində

 

 

 

Kitab akademik Rafael Hüseynovun müqəddiməsi ilə Təbrizdə işıq üzü görüb

Dünya elmi və ədəbiyyatı tarixində əbədi yaşamaq haqqı qazananlardan biri, XII əsrin riyaziyyatçısı, filosofuşairi Ömər Xəyyamın bu il 970 yaşı tamam olur. Ömər Xəyyam, ilk növbədə, orta əsrlərin universal zəkalı böyük alimi olsa da, dünyada şair, rübai ustası kimi daha çox şöhrət tapıb. O, Şərq şairləri arasında əsərləri Avropa dillərinə ən çox tərcümə edilən söz ustadıdır.

Təbrizdə yenicə çapdan çıxmış “Həkim Ömər Xəyyam və rübailəri” adlı irihəcmli kitab dahi sənətkarın anadan olmasının ildönümünə layiqli hədiyyə sayıla bilər.

Kitaba Milli Məclisin Mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov geniş müqəddimə yazıb. Ön sözdə göstərilir ki, tanınmış ədəbiyyat məftunu və naşir Əli Polad (Əliəsğər Vahabzadə) son illərdə Ömər Xəyyam şəxsiyyəti və irsinin təbliği istiqamətində əhatəli görür. Onun tərtibində Xəyyam rübailəri Tehranda farsca, İstanbulda türkcə, Moskvada rusca, Təbrizdə Azərbaycan dilində ərəb əlifbasında nəşr edilib.

Son Təbriz nəşrinin özünəməxsusluğu ilə bağlı Rafael Hüseynov yazır: “İlk dəfə olaraq bir kitab içərisində Ömər Xəyyam rübailərinin müxtəlif türk xalqlarının dillərinə tərcümələri toplanıb. Kitabda 34 şairin Xəyyam irsindən etdiyi seçmə rübailərin çevirmələri yer alır. Azərbaycan və Türkiyə türkcəsində, özbək dilində Xəyyam rübailəri əvvəllər dəfələrlə ayrıca kitab halında nəşr olunsa da, ilk dəfədir ki, tatar, qaşqay, xələc, qaqauz və digər türk xalqlarının təmsilçilərinin etdiyi tərcümələrlə eyni bir kitabda qovuşur. Həm də tərcümələri bu kitabda əksini tapan şairlərin xeyli fərqli dövrlərdə yaşaması onun göstərcisidir ki, Xəyyamın müdrik rübailəri türk xalqları arasında həmişə oxunub, sevilib, özününkü hesab edilib”.

İran rəssamlarının məxsusi olaraq bu kitablar silsiləsi üçün çəkdiyi cazibəli miniatürlərlə bəzənmiş yeni kitabda Ömər Xəyyamın şeirlərinin tərcüməsi ilə yanaşı, orijinalları da verilib ki, bu da tutuşdurma aparmağa, çevirmələrin səviyyəsi barədə doğru qənaət əldə etməyə imkan verir.

Bu ilin noyabrında Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Ömər Xəyyama həsr edilən beynəlxalq elmi konfransın keçirilməsi nəzərdə tutulur. Həmin konfrans çərçivəsində kitabın təqdimatı da planlaşdırılır

 

Mədəniyyət.- 2018.- 22 avqust.- S.9.