Kiyevdə Müslüm Maqomayevin xatirəsi anılıb

 

 

Ukraynanın paytaxtı Kiyev şəhərində dünya şöhrətli müğənni və bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin anadan olmasının 76-cı ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Azərbaycanın Ukraynadakı səfirliyinin və Ticarət evinin kollektivi Müslüm Maqomayev adına parka gələrək onun abidəsi önünə tər çiçəklər düzüblər.

Səfir Azər Xudiyev abidə önündə çıxış edərək bildirib ki, Ukraynada Müslüm Maqomayevin xatirəsi ehtiramla anılır. O nəinki azərbaycanlıların, bütün dünya xalqlarının qəlbində elə sevgi abidəsi ucaldıb ki, daim xatırlanır, sevgi ilə yad olunur. Sənətə və əsl sənətkara hörməti olan ukraynalılar onun adını daşıyan parka gələrək böyük musiqiçiyə ehtiramlarını ifadə edirlər.

Xatırladaq ki, iyulun 18-də Kiyev şəhərinin mərkəzində Müslüm Maqomayev adına parkın və sənətkarın möhtəşəm abidəsinin təntənəli açılış mərasimi olub. Mərasimdə Azərbaycan və Ukraynanın mədəniyyət nazirləri Əbülfəs QarayevYevgeni Nişuk, digər rəsmilər, iki ölkənin mədəniyyət xadimləri iştirak ediblər.

Kiyevin V.Çernovol prospektiS.Streltsov küçəsinin kəsişməsində yerləşən park Müslüm Maqomayevin 75 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Prezidentinin müvafiq sərəncamından irəli gələrək salınıb. Layihə Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə “ALTE” İnşaat, sənaye və ticarət” ASC tərəfindən həyata keçirilib. Heykəlin müəllifi soydaşımız, tanınmış heykəltəraş, Ukraynanın Xalq rəssamı Seyfəddin Qurbanovdur.

 

Mədəniyyət.- 2018.- 22 avqust.- S.3.