İki xalqın qüruru

 

 

 

Daşkənddə özbək ədəbiyyatının azərbaycanlı klassiki Maqsud Şeyxzadə haqqında sənədli film çəkilir

Bu il özbək dramaturgiyasının banisi sayılan görkəmli ədib, tərcüməçi, pedaqoq, soydaşımız Maqsud Şeyxzadənin anadan olmasının 110 ili tamam olur.

Yubileylə bağlı Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Maqsud Şeyxzadəyə həsr olunmuşİki xalqın qüruru” adlı sənədli film hazırlanır.

Mərkəzin direktoru Samir Abbasov bildirib ki, sənədli filmin ərsəyə gətirilməsində əsas məqsəd Şeyxzadə irsinin təbliği, habelə xalqlar arasında dostluq əlaqələrinin dərinləşməsinə dəstək olmaqdır.

“Özbək ədəbiyyatının Şekspiri” adlandırılan Şeyxzadənin qardaş xalqın ədəbiyyatının və ədəbiyyatşünaslığının inkişafında əvəzsiz xidmətləri vardır. O, xatirələrində yazır ki, özünü xoşbəxt hesab edir, çünki iki xalqın şairidir: “Yazdığım əsərlər özbək xalqının uğurlu sabahıdırsa, bu xoşbəxtliyi qardaş xalqa bir azərbaycanlı oğlu olaraq bəxş etmək qisməti mənə nəsib olmuşdur”.

Özbəkistanda tanınmış rejissor Eldar Mamedov tərəfindən hazırlanan filmdə arxiv materiallarından istifadə edilir. Yaradıcı heyət Azərbaycanda olub, Şeyxzadənin doğulduğu Ağdaş rayonuna səfər edərək film üçün məlumatlar əldə edib, müsahibələr alıb.

Qeyd edək ki, Şeyxzadə təkcə bədii əsərlərində deyil, bütün yaradıcılığında iki xalqın adından cəsarətlə danışıb, özbək klassik ədəbiyyatını öyrənib, tədqiq edib, özbək ədəbiyyatı tarixini, ədəbiyyat nəzəriyyəsini yeni elmi axtarışlarla zənginləşdirib. O, Nizami Gəncəvi, Məhəmməd Füzuli, M.F.Axundzadə, A.S.Puşkin, M.Lermontov, U.Şekspir, İ.Höte, C.Bayron, Ş.Rustavelibir sıra başqa dünya klassiklərinin əsərlərini özbək dilinə tərcümə edib.

Azərbaycan Mədəniyyət Mərkəzindən bildirilib ki, Maqsud Şeyxzadə haqqında filmin Özbəkistanda və Azərbaycanda təqdimat mərasimləri keçiriləcək, ekran əsəri nümayiş etdirilmək üçün televiziya kanallarına təqdim olunacaq.

Qeyd edək ki, Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Daşkənddə çap olunmuş “Özbək şeir çələngi” adlı kitabda M.Şeyxzadənin də şeirləri yer alıb.

Mədəniyyət mərkəzinin “Dostluq muzeyi”ndə görkəmli soydaşımıza həsr olunmuş bölmənin yaradılması da nəzərdə tutulur.

 

Mədəniyyət.- 2018.- 22 avqust.- S.13.