Braziliyada Cümhuriyyətin 100 illiyi şərəfinə konsertlər

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində ölkəmizin Braziliyadakı səfirliyinin təşkilatçılığı və dəstəyi ilə tanınmış cazmen İsfar Sarabskinin triosu və tarzən Şəhriyar İmanov San-Paulu ştatında və Rio-de-Janeyro şəhərində səfərdədir. İfaçıların səfər proqramına dörd konsert və bir ustad dərsi daxildir.

Səfirlikdən bildirilib ki, avqustun 22-də Azərbaycan ifaçıları San-Paulu şəhərinin tanınmış Vila Mariana teatrında yerli caz və musiqi həvəskarlarına ustad dərsləri keçərək onları milli musiqimiz, onun müasir caz ilə simbiozu (caz-muğam), milli musiqi alətlərimiz, xüsusən də tar və onların istifadə qaydaları ilə tanış ediblər. Həmçinin Azərbaycan musiqi mədəniyyəti barədə tədbir iştirakçılarına məlumat verilib, yerli musiqiçilərlə birgə bir neçə musiqi parçası ifa edilib.

Avqustun 23-də San-Paulu şəhərinin ən iri zallarından olan Pompei Teatroda yerli auditoriya üçün açılış konserti keçirilib. Konserti Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan çıxışla başlayan musiqiçilərimiz, sonra proqramı milli və xarici caz, həmçinin sənətkarların öz əsərləri ilə davam etdiriblər. Tədbir yerli televiziya tərəfindən lentə alınıb və mətbuatda geniş işıqlandırılıb.

Avqustun 24 və 25-də isə Kampinas və Buruqui şəhərlərində yerli auditoriya qarşısında növbəti konsertlər təşkil edilib.

Sonuncu konsert isə Rio-de-Janeyronun məşhur Blue Note konsert zalında ayın 30-da keçiriləcək.

Tədbirlər çərçivəsində qonaqlara, Azərbaycana həsr edilmiş məlumat kitabçaları, təbliğat materialları paylanılıb.

 

Mədəniyyət.- 2018.- 29 avqust.- S.5.