Muğam gözəllik və məhəbbət rəmzidir

 

Ecazkar musiqisi ilə ruhumuzun qidasıdır

 

Avqustun 26-sı Beynəlxalq Azərbaycan muğamı günü və İpək Yolu üzərində yerləşən ölkələrin musiqisi günü kimi qeyd olunur. 2010-cu ildə Kanadanın Niaqara şəhərinin meriyası və Beynəlxalq Niaqara musiqi festivalının rəhbərliyi tərəfindən qəbul olunan bu qərar xalqımızın milli sərvəti olan muğamın bəşəri musiqiyə çevrildiyini bir daha təsdiq edir. Bu, muğamsevərlər, ömrünü bu sənətin yaşamasına və təbliğinə həsr edənlər üçün ən əziz bayramdır.

Qoca Şərqin ən qədim musiqi janrlarından biri olan muğam əsrlərdən bəri tədqiqatçıların diqqətini cəlb edibbu gündünya musiqi mədəniyyətinin öyrənilməsində mühüm təhlil obyektidir. Azərbaycan xalqının qədim irsi olan bu incəsənət növü tarixən enişli-yoxuşlu yollardan keçsə də, xalqımız onu qoruyaraqinkişaf etdirərək nəsildən-nəslə ötürə bilib. Müstəqil Azərbaycanda isə milli muğam ifaçılığı yeni inkişaf mərhələsinə qədəm qoyaraq dünyanı fəth edir.

Azərbaycan muğamının müasir tarixində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli silsilə tədbirlər müstəsna rol oynayır. Bu fəaliyyətin nəticəsidir ki, son illər muğam ifaçılığı ən müxtəlif aspektlərdən hərtərəfli dəstək alaraq, sözün əsl mənasında, intibah dövrünü yaşayır. UNESCO-nun qərarı ilə dünya mədəniyyətinin qeyri-maddi irsinin bəşəri əhəmiyyətə malik sərvətləri sırasına daxil edilməsi muğamın, tar ifaçılığı sənətinin təkcə xalqımızın deyil, bütün bəşəriyyətin misilsiz mədəni sərvətinin ayrılmaz hissəsi kimi qiymətləndirilməsidir.

Ölkəmizdə beynəlxalq muğam festivallarının, müsabiqələrin, muğam konsertlərinin, simpoziumların təşkili, Qarabağ xanəndələri albomunun buraxılması, Muğam ensiklopediyasının nəşri, müasir texnologiyalara əsaslanan və 8 diskdən ibarət Azərbaycan muğamı multimedia toplusunun hazırlanması Heydər Əliyev Fondunun, Azərbaycan Mədəniyyət Fondunun bu sahəyə göstərdiyi diqqətin bariz nümunələrindəndir.

Azərbaycan muğamına yeni bir həyat bəxş edən Mehriban Əliyeva bu bənzərsiz sənət inciləri ilə bağlı fikirlərini belə ifadə edir: Biz azərbaycanlılar hamımız, haqlı olaraq, öz doğma muğamlarımızla fəxr edirik. Hər bir azərbaycanlı üçün muğam xüsusi əhəmiyyət daşıyır. Qərblə Şərq arasında, Böyük İpək Yolu üstündə yerləşən Azərbaycan sivilizasiyaların qovuşduğu bir məkanda əsrlər boyu öz mədəniyyətini formalaşdırmışdır. Bəzi dövrlərdə biz müxtəlif imperiyaların daxilində yaşasaq da, dinimiz, milli dəyərlərimiz, dilimiz, mədəniyyətimiz bizi bir xalq kimi, millət kimi qoruyub saxlamışdır. Azərbaycanın zəngin mədəniyyətinin və tarixinin ən gözəl incilərindən biri olan muğam, muğam sənəti bizim milli sərvətimizdir. Muğam Azərbaycan xalqına xas olan ən gözəl xüsusiyyətlərin daşıyıcısıdır. Torpağa, köklərə bağlılıq, vətənpərvərlik, milli ləyaqət hissi, qonaqpərvərlik, xeyirxahlıq, mərhəmət, emosional zənginlik - bütün bu hislər muğam fəlsəfəsinin əsasındadır. Odur ki, desəm, muğam gözəlliyin və məhəbbətin rəmzidir səhv etmərəm.

Bəstəkarlarımız üçün ilham mənbəyi olan muğam həm də milli musiqi mədəniyyətimizin uğurlarının əsasında dayanır. Üzeyir Hacıbəyli Leyli və Məcnun operasını muğam üzərində yazıb, Fikrət Əmirov Şur və Kürd-ovşarı simfonik muğamları ilə dünya musiqisində simfonik muğam janrının əsasını qoyub. Niyazi, Qara Qarayev, Soltan Hacıbəyov, Cövdət Hacıyev, Aqşin Əlizadə, Arif Məlikov, Firəngiz Əlizadə və digər görkəmli bəstəkarlarımızın yaradıcılığında muğamdan irəli gələn bədii prinsiplər ən müasir kompozisiya texnikası ilə qovuşur. Vaqif Mustafazadə isə bu janrı caz sənətinə gətirib.

Tarixən Şuşada Xarrat Qulu Məhəmməd oğlunun, Mir Möhsün Nəvvabın, Şamaxıda Mahmud ağanın, Bakıda Məşədi Məlik Mansurovun məclisləri, bu məkanlardan çıxan böyük sənətkarlar Azərbaycan muğamının inkişafına əvəzsiz töhfələr veriblər. Hələ 1922-ci ildə Bakıda açılmış ilk Avropa tipli musiqi məktəbinin dərs proqramına muğamın tədrisi daxil edilib.

Muğam rəssamlarımız, heykəltəraşlarımız, şairlərimiz, rejissorlarımız üçün bu günilham mənbəyi olaraq qalır. Dünya şöhrətli rəssam Toğrul Nərimanbəyovun məşhur muğam tablosu təsviri sənətimizdə bu mövzuda ən dəyərli nümunələrdən biridir. Kompozisiyada musiqiçilərin ifa zamanı müxtəlif pozalarda yerləşdirilməsi, xüsusilə xanəndənin keçirdiyi hisləri, tərkidünyalığının verilməsi, tablonun ekspressiv dinamikliyi tamaşaçını sanki muğam musiqisinin ecazkar ritmi altında kökləyir. Rəssam televiziya çıxışlarının birində etiraf etmişdi: Muğamı çox sevirəm, lakin ifa edə bilmirəm, ifa edərkən gözlərimdən yaş axır.

Dövlətimizin mədəniyyətimizə, o cümlədən muğam sənətinə, onu yaşadanlara böyük diqqət və qayğısı xanəndələrimizi yeni-yeni yaradıcılıq axtarışına həvəsləndirir. Ustadnovator sənətkar, hələ 1999-cu ildə UNESCO-nun Beynəlxalq Musiqi Şurasının birinci mükafatına layiq görülmüş Alim Qasımov özünəməxsus ifası və muğam sənətinin geniş imkanları dünya auditoriyasını heyran qoyur. Muğam dənizlər, okeanlar üzərindən keçərək, dağlar aşaraq xalqları birləşdirir.

Sevindirici haldır ki, muğam irsimiz Azərbaycanda dövlət səviyyəsində qorunur. Buna əyani sübut kimi son illər keçirilən muğam müsabiqələrini göstərmək olar. Yüksək səviyyədə təşkil olunan müsabiqələr neçə-neçə istedadı üzə çıxarıb. Yəqin ki, bu müsabiqələr davamlı olacaq. Çünki muğam ruhumuzun qidasıdır.

 

Mədəniyyət.- 2018.- 29 avqust.- S.9.