Özbəkistan telekanalında Azərbaycanla bağlı verilişlər

 

 

 

Özbəkistanın “Dunyo Boylab” telekanalında tanınmış jurnalist, mədəniyyət və turizm üzrə populyar verilişlərin müəllifi Elmira Tuxvatillinanın Azərbaycana səfəri zamanı hazırladığı veriliş nümayiş etdirilib. O, iyunun 31-dən iyulun 7-dək Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü, ölkəmizin Özbəkistandakı səfirliyinin, Azərbaycan Mədəniyyət Nazirliyinin və AZAL-ın dəstəyi ilə həyata keçirilən mediatur çərçivəsində ölkəmizdə olub.

Müəllif ölkəmizin mədəniyyəti, tarixi, Bakı, İçərişəhər, dənizkənarı bulvars. barədə geniş məlumat verib.

Bildirilib ki, mediaturun əsas məqsədi Azərbaycan həqiqətləri, ölkəmizin əldə etdiyi nailiyyətlər, tarixi, mədəniyyəti, gəzməli-görməli yerləri haqqında Özbəkistan auditoriyasını ətraflı məlumatlandırmaqdır. Mediaturda iştirak edən özbək jurnalistlər Bakıdan başqa, respublikamızın regionlarında – İsmayıllı, Qəbələ, Şəki, Gəncə, Göygöl, Naftalan şəhərlərində görüşlər keçirib, çəkilişlər aparıb, bu bölgələrin tarixi, mədəniyyəti, turizm imkanları barədə reportajlar hazırlayıblar.

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə, “Dunyo Boylab” telekanalında bu istiqamətdə artıq 6 veriliş nümayiş olunub və silsilə verilişlər davam edir.

 

Mədəniyyət.- 2018.- 29 avqust.- S.16.