Miniatür Kitab Muzeyinin eksponatları Sibirdə təqdim olunub

 

Rusiya Federasiyası Xantı-Mansi Muxtar Dairəsinin Nijnevartovsk şəhərinin kitabxanasında Bakıdakı Miniatür Kitab Muzeyinin eksponatlarından ibarət sərgi açılıb.

Yerli Uqra TV kanalı sərginin açılışından süjet hazırlayıb. Verilişdə qeyd edilir ki, muzeyGinnesin rekordlar kitabı”na daxil edilib. Azərbaycanın Əməkdar mədəniyyət işçisi, muzeyin yaradıcısı, həyatının 35 ilini miniatür kitabların axtarışı, bərpası və nəşrinə həsr etmiş Zərifə Salahova özüNijnevartovska gəlib.

Süjetdə deyilir: “M.K.Anisimkova adına Mərkəzi Şəhər Kitabxanasında “Miniatür kitablar. Bir kolleksiyanın tarixi” sərgisinin açılışında Nijnevartovskın gənc sakinləri Zərifə Salahova kimi son dərəcə maraqlı bir insanla görüşmək və onun miniatür kitablar kolleksiyası ilə tanış olmaq imkanı qazanıblar. Mərkəzi kitabxanadakı müvəqqəti ekspozisiyada kiçik formatlı 160-dan çox nəşr nümayiş etdirilir. Bütövlükdə isə Zərifə Salahovanın kolleksiyasında dünyanın 80 ölkəsindən gətirilmiş 9000-dən çox kitab var”.

Zərifə Salahova Nijnevartovsk sakinləri ilə söhbətdə deyib: “Mənim muzeyim dünyada yeganədir. Muzeyin açılışı on altı il bundan əvvəl, xalqımızın ümummilli lideri Heydər Əliyevin sayəsində baş tutdu. O vaxtdan bəri kolleksiyamız xeyli genişlənib, muzeyin 3 filialı yaradılıb. Qeyd etdiyim kimi, mənim kolleksiyamda 9000-dən çox kitab var, lakin Bakının mərkəzində, qədim İçərişəhərdəki muzeyə cəmi 5600 kitab yerləşir. Onda mən qərara aldım ki, o biri kitabları muzeyin ehtiyat fondlarında saxlamaqdansa, Azərbaycanın digər şəhərlərində açıq muzeylərdə sərgiləmək yaxşı olar. Beləliklə, Şəkidə (660 kitab), Naxçıvanda (1120 kitab) və Gəncədə (1060 kitab) filiallar açıldı.

Şadam ki, bu gün qızımla bərabər burada, sizin şəhərinizdəyəm. Mən bütün dünyanı gəzmişəm və deyə bilərəm ki, bu cür ağır təbii iqlim şəraitində yaradılmış Nijnevartovsk şəhərinin gözəlliyi məni heyrətləndirdi. Ağcaqayınlar isə məni heyran etdi”, - deyən Zərifə Salahova tədbirdən xatirə olaraqÇe Gevaranın Fidel Kastroya vida məktubu” kitabının miniatür nüsxəsini şəhər kitabxanasının direktoru İrina İvlevaya hədiyyə edib.

 

Mədəniyyət.- 2018.- 31 avqust.- S. 7.