Alışan ruhları duyğulandıran tara rəngkarlıq abidəsi

 

Etiraf edək ki, adlarını bu vaxta qədər milli təsviri sənət tariximizə yazmaq imkanı əldə etmiş rəssamlarımızın çox az qisminin ali təhsilin nəticəsi olan diplom işi xatırlanmaqdadır. Bu gün onların ən yaxşılarını yada salmalı olsaq, onda yalnız Səttar Bəhlulzadənin “Babək üsyanı” və “Bəzz qalasının müdafiəsi” (1940), Vəcihə Səmədovanın “Azərbaycan bəstəkarları” (1951), Tahir Salahovun “Növbədən qayıdanlar” (1957), Cəmil Müfidzadənin “Neft daşları” (1959), Vaqif Ucatayın “Nizami işığında” (1987) və digər bir neçə əsərin adını çəkə bilərik.

Maraqlısı bu diplom işlərinin hamısının mövzusunun doğma yurdla bağlı olmalarıdır. Rusiyanın ali təhsil ocaqlarında milli mövzulara müraciətlərin diplom mövzusu olaraq seçilməsinə o qədər müsbət yanaşılmadığının qarşılığında zamanında bu razılıqların gənc rəssamların məhz davamlı inadkarlığı sayəsində əldə olunduğunu da deməliyik. SSRİ-nin süqutundan sonra vəziyyət bir qədər dəyişdiyindən diplomçu tələbələrin mövzu seçimində indi elə də ciddi maneələr mövcud deyil. Yəqin ki, indiki halda ən çətini hamıya yaxşı tanış olan, bir çox hallarda isə dəfələrlə müraciət olunmuş mövzulara daha maraqlı və yeni bədii yanaşma sərgiləməkdir. Bunun özünün çox çətin məsələ olması isə danılmazdır.

Yəqin ki, Sankt-Peterburqdakı İ.Y.Repin adına Rusiya Rəssamlıq Akademiyasının diplomçusu Xaqan Bayramov arxada qalan altı ilin hesabatı üçün “Mənim xalqım” mövzusunu seçəndə vurğuladığım çətinliklərdən xəbərdardı. Buna baxmayaraq o, qarşılaşacağı istənilən çətinliklərdən keçməyə hazırdı. Bu yöndə ona ilk dəstək verən də diplom rəhbəri, Rusiya Federasiyasının tanınmış fırça ustası, milliyyətcə kabardin olan Xalid Savkuyev olduo, keçən il material toplamaq üçün Azərbaycana yollanan gənc rəssama dəyərli tövsiyələr verdi...

Xaqan Bakıda ilk növbədə milli-tarixi mövzulu məşhur Azərbaycan kinofilmlərindən sevdiyi obrazların geyimləri ilə tanış oldu. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru, Əməkdar incəsənət xadimi Müşfiq Hətəmov bu işdə ona yaxından yardımçı oldu, istedadını xalqının tarixinin bədiiləşdirilməsinə həsr edən gəncin burada qorunan müxtəlif geyimlər və çoxsaylı maddi mədəniyyət nümunələri ilə yaxından tanış olmasına şərait yaratdı. Milli Azərbaycan Tarixi Muzeyi ilə tanışlıq da ona fikirlərini toplamağa xeyli kömək etdi. Doğma Naxçıvanda – ata yurdu Ərəfsə kəndində el şənliyində musiqidən aldığı qeyri-adi zövq isə onun  gələcəkdə işləməyi təxmin etdiyi mövzunun süjetini demək olar ki, yəqinləşdirdi. Başqa sözlə desək, bir aylı gecədə sarı simi ruhları oxşayaraq dilləndirən qoca tarzənə bütün məclisin qulaq kəsilməsinin milli musiqinin ecazkar gücündən qaynaqlandığını fəhmən hiss edən gənc rəssam elə bu bədii-mənəvi sərvəti el gücünə çevirən sənətkarı əsərinin baş qəhrəmanına çevirməyə qərar verdi...

Sankt-Peterburqa qayıdandan sonra bir neçə ay diplom işinin yekun eskizi üzərində çalışan Xaqan Bayramov ürəyində gəzdirdiyi mövzunun konkret məna-məzmun daşıyıcılarını müəyyənləşdirdi. Uğurlu diplom müdafiəsindən sonra o, mətbuata açıqlamasında bunları dilə gətirəcəkdi: “Əsər mənim xalqıma, onun tarixinə, incəsənətinə və musiqi mədəniyyətinə həsr olunub. Məhz vətənə məhəbbət, ənənələrimizi və əcdadlarımızın dəyərlərini göstərmək istəyi məni bu mövzunu seçməyə vadar etdi. Tabloda insanların səsini böyük şövqlə dinlədikləri Azərbaycanın qədim simli aləti – tar da təsvir olunub. Elə onda səsləndirilən  musiqi də adamları birləşdirir, bütün gücü ilə doğma torpağa bağlayır...”

Doğrudan da, gənc rəssam Xaqan Bayramovun təqdimatında “Mənim xalqım” adlanan diplom işinin əsas qəhrəmanı – məna-məzmun daşıyıcısı TARdır. Belə ki, məhz bu qədim musiqi alətimiz çoxfiqurlu kompozisiyanın dominant nöqtəsi olmaqla, müxtəlif yaşlı on iki adamı bir araya gətirən mənəvi qaynaq kimi çıxış edir. Zamanında Kremli özünə qiblə sayan yerli şairinOxuma, tar, oxuma, tar! Səni sevmir proletar!” şüar-şeirinə sonrakı bütün dövrlər üçün qürurdoğurucu qaynağa çevriləcək “Oxu, tar!” harayı ilə cavab verən 21 yaşlı Mikayıl Müşfiq bu musiqi alətini bir daha xalqına sevdirə bildi. O vaxtdan nakam şairin şeiri dillər əzbəri olsa da, onun daşıdığı çoxqatlı mənəvi yükü bədiiləşdirən təsviri sənət əsəri ərsəyə gətirilməmişdi. Bu mənada “Mənim xalqım”ı “Oxu, tar!”a və Mikayıl Müşfiqin xatirəsinə həsr olunmuş sanballı sənət nümunəsi saymaq olar...

İriölçülü (300x160 sm) tablonun çox maraqlı kompozisiyası və özünəməxsus bədii həlli vardır. Dağ kəndinin milli geyimli müxtəlif yaşlı insanlarının evlərin yaxınlığındakı seyrangahda öləziyən ay işığı altında musiqini dinləmələrinin bədii görkəmdə təqdimatı həqiqətən də, duyğulandırıcıdır. Qənaətimizcə, məkan seçimi ilə diqqətçəkən süjetin açıq səma altında təsviri də məqsədlidir. Gənc rəssam bununla musiqinin insanları torpağa bağlayan mənəvi gücünü göstərmək istəmişdir. Bunun üçün gerçəkçi bədii vasitələrdən istifadə edən müəllif bütün üslublara qaynaq olan realizmin ifadə imkanlarının nəhayətsiz olduğunu bir daha təsdiqləmişdir.

Etiraf edək ki, süjetin cərəyan etdiyi məkanı gecə işığında görüntüyə gətirməklə, gənc müəllif duyulası cəsarət tələb edən addım atmışdır.  Belə ki, hadisənin daşıdığı bədii-mənəvi yükü təbii işıqda ifadə etmək gecəyə nisbətən bəlkə də daha asan ola bilərdi. Amma Xaqanın çətinliyi birmənalı olan bu seçiminin səbəbsiz olmadığını əsərin bədii həllində nümayiş etdirdiyi işıq-kölgə effektləri də təsdiqləyir. Bu cür yanaşma ilk növbədə qaranlığa bələnmiş gecədə musiqiyə qulaq kəsilən kənd adamlarının daxili yaşantılarını əyaniləşdirən əza və hərəkət ifadəliliyini diqqətçəkən tutumda göstərməyə imkan vermişdir. Doğrudan da, kişilərdən birinin əlində tutduğu neft lampasının işığının musiqinin birləşdirdiyi insanların çöhrələrinə, ifanın təsirindən “dəyişmiş” duruşlarına səpələnməsi ilə onların hər birinin ruhundan qaynaqlanan duyğularının üzə çıxarılmasına səbəb olmuşdur.

Müxtəlif ovqata bələnən və öz aləmlərinə tapınan bu insanların tarzənə yönəlməmiş baxış və duruşlarında fikirparalayıcı məna-məzmun qatının zənginliyi tamaşaçısını onların dünyalarından qaynaqlanan duyğularla baş-başa qoymuş olur. Onların kimlərisə xatırlamağa və nələrisə düşünməyə məcbur edən taroxusunun tilsiminə düşdükləri birmənalıdır...

Dağlar arxasından “boylanan” ayın, pəncərələrindən zəif işıq süzülən yastı damlı evlərin, “tar dünyası” ilə baş-başa qalan musiqiçinin, onun çalğısının sehrinə düşmüş dinləyicilərinin və onları əhatələyən milli maddi mədəniyyət nümunələrinin bədii bütövlüyünü əldə edən Xaqan Bayramov bununla həm də əsərin cəlbedici təsirliliyinə nail olmuşdur. Yığcam rənglərin tünd çalarları ilə musiqinin ruhuna müvafiq duyulası təzad yaradan müəllifin onları nikbin ovqata kökləyə bilməsinin nəticəsidir ki, “Mənim xalqım” bütünlükdə öz işıqlı gələcəyinə böyük ümidlər bəsləyən millətin musiqidə ifadə olunan birləşdirici gücünün bədii ifadəsi sayılmağa layiqdir.

Əsər həm də bu il anadan olmasının 110, vəfatının 80 illiyi qeyd edilən mərhum Mikayıl MüşfiqinOxu, tar”ına  layiqli “nəzirə” kimi qəbul oluna bilər. Belə ki, tablonun rənglərdən “hörülmüş  bədii tutumu şeirin özü kimi tamaşaçısını ovqat burulğanına salmaq gücündədir. Yəqin ki, bu mənəvi dəyərin Azərbaycanın milli adət-ənənələri ilə yaxından tanış olmayan dövlət imtahan komissiyası üzvlərinə inandırıcı bədii dillə çatdırılmasının nəticəsidir ki, onlar bir səslə gənc rəssamın ilk sənət hesabatını “əla” qiymətlə dəyərləndirmişlər. Sonralar dünya şöhrətli rəssam kimi tanınmış bir çox sənətkarın da hesabat verdikləri bu salonda Xaqanın uğuruna sevinənlər kifayət qədər çoxdu. Qənaətimizcə, həmin an sevinci köksünə sığışmayansa rəssamın müdafiədə iştirak edən atası – Naxçıvan Dövlət Universitetinin müəllimi, geologiya üzrə fəlsəfə doktoru Səxavət Bayramov idi. Bizsə bu gün ona görə fərəhlənirik ki, gənc rəssamın simasında Azərbaycan təsviri sənət məkanına yaxın gələcəkdə onun mənəvi-bədii yükünü daşıya biləcək istedadlı yaradıcı gəlmişdir...

P.S. Tanışlıq üçün deyək ki, Xaqan Bayramov 1992-ci ildə anadan olmuşdur. Orta məktəbi bitirəndən sonra peşə vərdişlərini Həsən Qurbanov və Əbülfəz Fərəcoğlundan öyrənmişdir. 2012-2018-ci illərdə İ.Y.Repin adına Rusiya Rəssamlıq Akademiyasında təhsil almışdır. 2015-ci ildə Naxçıvanda və İstanbulda fərdi sərgiləri təşkil olunmuşdur. 2018-ci ildə “ArtAnkara” sənət müsabiqə-sərgisində iştirak etmiş və əsəri alınan yeganə azərbaycanlı rəssam olmuşdur.

 

Ziyadxan ƏLİYEV

 

Əməkdar incəsənət xadimi

 

Mədəniyyət.- 2018.- 31 avqust.- S. 13.