Soyuq əllər, isti ürək”

 

Fəvvarələr meydanında ənənəvi xeyriyyə yarmarkası

 

Dekabrın 1-də Fəvvarələr meydanında ənənəvi “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası açılıb. Dalbadal altıncı ildirNargis Fundun təşəbbüsü ilə keçirilən yarmarka 2019-cu il yanvarın 6-dək davam edəcək.

Müxtəlif şirkət və qurumlar yarmarkanın yüksək səviyyədə keçirilməsinə dəstək göstərirlər. Tədbirdən toplanan vəsait müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicəsinə və əməliyyatına yönəldiləcək. Uşaq evlərinin sakinləri yarmarkanın fəxri qonaqları olacaqlar. Onları əyləncəli proqramlar, maraqlı tədbirlər və sponsorlardan hədiyyələr gözləyir.

Xeyriyyə yarmarkası Fəvvarələr meydanında quraşdırılan kiçik taxta evlərdə təşkil edilib. Burada Yeni il hədiyyələri – suvenirlər, kitablar, geyimşirniyyat almaq olar. Xudmani kafelər ətirli qəhvə və çay içib qızınmağı, milli yeməklərin dadına baxmağı təklif edir.

Əyləncəli proqramlar, konsertlər, maraqlı insanlarla tanışlıqlar, böyüklər və uşaqlar üçün çoxsaylı sürprizlər əsl Yeni il ovqatı yaradacaq, Şaxta baba ilə Qar qızın, sevimli nağıl qəhrəmanlarının müşayiəti ilə qış nağılı aləminə səyahət etmək və özünü bu nağılın qəhrəmanı kimi hiss etmək imkanı bəxş edəcək.

* * *

Xeyriyyə yarmarkasının daha bir tədbiri “Nargis Fund” və Macarıstanın ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə dekabrın 15-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçiriləcək. Tədbirin məqsədi sağlamlıq imkanları məhdud olan uşaqlar üçün 5 nömrəli xüsusi internat məktəbinə yardım məqsədi ilə vəsait toplamaqdır.

Konsert proqramında məşhur macar musiqiçiləri Endre HegedyuşFeliks Layko iştirak edəcəklər.

Tədbirin əvvəlində kiçik yarmarka açılacaq. Qonaqlar burada Macarıstan istehsalı olan müxtəlif məhsullar alaraq xeyriyyə aksiyasına töhfələrini verəcəklər. Tədbirə tamaşaçı qismində 5 nömrəli internat məktəbinin şagird və müəllim heyəti, gözdən əlil və görmə qabiliyyəti zəif olan uşaqların təhsil aldığı 38 nömrəli musiqi məktəbinin müəllim heyəti dəvət edilib.

Nargis Fund” “Nargis” jurnalının baş redaktoru Ülviyyə Mahmudova tərəfindən 2012-ci ildə yaradılıb. “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası altıncı ildir ki keçirilir. Yarmarka haqqında ətraflı informasiyanı nargisfund.com saytında əldə etmək olar.

 

Mədəniyyət.- 2018.- 5 dekabr.- S.8.