Dədə Qorqud Altaylardan Anadoluyadək türk xalqlarının mənəvi babasıdır

 

Dədə Qorqud irsi. Dastan mədəniyyəti, xalq nağılları və musiqisi çoxmillətli mədəniyyət nümunəsi kimi UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi bizim birgə uğurumuzdur. Çünki Dədə Qorqud Altaylardan Anadoluya uzanan böyük bir coğrafiyada yaşayan bütün türk xalqlarının mənəvi babasıdır.

Bu sözləri Beynəlxalq Türk Akademiyasının prezidenti, professor Darxan Kıdıralı deyib.

Xatırladaq ki, noyabrın 28-də UNESCO Hökumətlərarası Komitəsinin Mavriki Respublikasının Port Luis şəhərində keçirilən 13-cü sessiyasında Azərbaycan, Türkiyə və Qazaxıstanın birgə təqdim etdiyi nominasiya faylı çoxmillətli mədəniyyət nümunəsi kimi UNESCO-nun siyahısına salınıb.

Azərbaycan xalqını və bütün türk dünyasını önəmli tarixi hadisə münasibətilə təbrik edən Darxan Kıdıralı ölkəmizin bu prosesdə fəallığını yüksək qiymətləndirib.

Beynəlxalq Türk Akademiyasının prezidenti xatırladıb ki, 2015-ci ildə UNESCO-nun Parisdəki Baş qərargahında təmsil etdiyi qurum tərəfindən Dədə Qorqud irsitürk dünyası mövzusunda beynəlxalq simpozium təşkil edilib. Simpoziumda Azərbaycan, Qazaxıstan və Türkiyənin UNESCO üzrə milli komissiyalarının da dəstəyi ilə Dədə Qorqudun türk dünyasının ortaq abidəsi kimi təşkilatın irs siyahısına daxil edilməsinin zəruriliyi vurğulanıb.

Darxan Kıdıralı qeyd edib ki, türk dünyasının ortaq dəyərlərini birlikdə qorumaqinkişaf etdirmək üçün daha sıx çalışmalı, səylərimizi birləşdirməliyik. Dədə Qorqud dastanı ilə bağlı qəbul edilən qərar bizim birlikdə daha güclü olduğumuzu bir daha əyani şəkildə göstərmiş oldu.

 

Mədəniyyət.- 2018.- 5 dekabr.- S.6.