Bəhreyndə İslam ölkələri mədəniyyət nazirlərinin toplantısı

Bəhreyn Krallığının Manama şəhərində İSESCO Mədəniyyət nazirlərinin İslam konfransının növbədənkənar sessiyası keçirilib. Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev sessiyada iştirak edib.

Noyabrın 28-də sessiya çərçivəsində Bəhreyn Krallığının Muharraq şəhərinin 2018-ci il üçün Ərəb regionu üzrə İslam mədəniyyətinin paytaxtı olması ilə əlaqədar təntənəli bağlanış mərasimi keçirilib. Mərasimdə İSESCO-ya üzv ölkələrin mədəniyyət nazirləri, nazir müavinləri, İslam Əməkdaşlıq Təşkilatı, təşkilatın İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzi (İRCİCA), İCCROM kimi qurumlarının rəhbər şəxsləri iştirak edib.

Qeyd edək ki, Naxçıvan şəhəri 2018-ci il üçün Asiya regionu üzrə İslam mədəniyyətinin paytaxtı elan olunub. Qabonun Librevil şəhəri isə bu il Afrika regionu üzrə İslam mədəniyyətinin paytaxtıdır.

29 noyabr tarixində İSESCO Mədəniyyət nazirlərinin İslam konfransının növbədənkənar sessiyası işə başlayıb. Açılış mərasimindən sonra Muharraq İslam mədəniyyətinin paytaxtı 2018 medalının təqdimolunma mərasimi olub.

Daha sonra İslam dünyasında mədəni inkişaf üzrə Məşvərətçi Şuranın 16-cı sessiyasının hesabatı, Qüds şəhərində bəşəri və mədəni irsin qorunması məsələsinə beynəlxalq dəstəyin təşviqi üzrə fəaliyyət proqramının layihəsi, ekstremizm, sektantçılıq və terrorizmə qarşı mübarizə məqsədilə birgə fəaliyyətin gücləndirilməsinə dair Manama prosesi layihəsi təsdiq olunub və təşkilata üzv ölkələrin milli hesabatları dinlənilib.

 

Mədəniyyət.- 2018.- 5 dekabr.- S.4.