Qoruqların beynəlxalq standartlara uyğun fəaliyyət göstərməsi üçün tədbirlər görülür

Tarix və mədəniyyət abidələrinin qorunması haqqında Qanunun müvafiq maddəsinə əsasən, abidələrin təhlükəsizliyini, onların funksional təyinatını, memarlıq-estetik görünüşüuzunömürlülüyünü təmin etmək məqsədilə mühafizə zonaları təyin edilir.

Abidələrin mühafizə zonalarında onlar üçün təhlükə yarada biləcək istənilən fəaliyyət qadağan olunur. Mühafizə zonalarının müəyyən edilməsində əsas məqsəd mədəni irs nümunəsinin yerləşdiyi ərazidə və yaxud inşa olunduğu ərazidəcə qorunub saxlanması və gələcək nəsillərə ötürülməsidir.

Bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov AZƏRTAC-a müsahibəsində deyib.

Dövlət Xidmətinin rəisi bildirib ki, abidələrin mühafizə zonaları ilə bağlı işlər, dövlət başçısının müvafiq fərmanına əsasən, İçərişəhər Dövlət Tarix-Memarlıq və Qala Dövlət Tarix-Etnoqrafiya qoruqlarının əraziləri istisna olmaqla, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən həyata keçirilir. Abidələrin müəyyən edilmiş mühafizə zonaları barədə məlumatlar müvafiq orqanlara da təqdim olunur: Hər il mütəmadi olaraq müəyyən sayda abidənin mühafizə zonası mütəxəssislərin iştirakı ilə yaradılır. Həmçinin mühafizə müqavilələri bağlanılır. Tarixi mədəniyyət abidələri xalqın milli sərvətidir. Aparılan monitorinq və nəzarət tədbirləri çərçivəsində yüzlərlə qanunsuz müdaxilənin qarşısını almışıq və tədbirlərimiz mütəmadi olaraq davam etdirilir.

Zakir Sultanov diqqətə çatdırıb ki, Dövlət Xidmətinin tabeliyində 14 tarix-mədəniyyət qoruğu fəaliyyət göstərir. Qoruqların fəaliyyətinin təkmilləşdirilməsi və inkişafı mədəni irs sahəsində dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu məsələlərin həllinə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq olunmuş Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramında geniş yer verilib.

Qoruqların əsas vəzifələrindən biri də beynəlxalq standartlara uyğun fəaliyyət göstərməsidir. Qobustan Milli Tarix-Bədii Qoruğu və Qəbələ Tarix-Bədii Qoruğu, Quba şəhərində yerləşən Soyqırımı Memorial Kompleksində müasir texnologiyalarla təchiz edilmiş ekspozisiyalar yaradılıb, ziyarətçilərə yüksək səviyyəli ekskursiya xidmətləri göstərilir. Ekskursiya xidmətlərinin daha da yüksəldilməsi üçün əməkdaşlar mütəmadi olaraq təkmilləşdirmə kurslarına göndərilir. Yaxın vaxtlarda Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə həmin qoruqlarda yaşıllıqların salınmasına da başlanılacaq. Eyni zamanda, Qobustan qoruğu ərazisində ziyarətçilərin rahatlığını təmin etmək məqsədilə Azəryolservis Açıq Səhmdar Cəmiyyəti tərəfindən yeni yol çəkiləcək.

 

Mədəniyyət.- 2018.- 7 dekabr.- S.4.