Xalq artisti Gülxar Həsənovanın 100 illiyi qeyd ediləcək

 

 

 

Görkəmli opera  müğənnisi, Xalq artisti Gülxar Həsənovanın anadan olmasının 100  illiyi münasibətilə dekabrın 10-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında yubiley gecəsi keçiriləcək. Gecədə Gülxar Həsənovanın həyat və sənət yolundan söz açılacaq, onun ifasında lent yazıları səslənəcək, iştirak etdiyi tamaşalardan parçalar nümayiş olunacaq. Tanınmış xanəndələrin ifasında konsert proqramı təqdim ediləcək.

Dekabrın 5-də isə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Xalq artisti Gülxar Həsənovanın 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

Muzeyin şöbə müdiri Təranə Zeynalova sənətkarın həyat və yaradıcılığından söz açıb. Qeyd edilib ki, G.Həsənova səhnə fəaliyyətinə Gənc Tamaşaçılar Teatrında başlayıb. Üzeyir Hacıbəylinin məsləhəti ilə 1942-ci ildə Azərbaycan Dövlət OperaBalet Teatrına işə qəbul olunub. Burada parlaq, koloritli obrazlar yaradıb.

Xalq artisti Səkinə İsmayılova, yazıçı-publisist Mustafa Çəmənli çıxış edərək sənətkarın yaradıcılığından, onun keçdiyi ömür yolundan danışıblar.

Sonra Gülxar Həsənovanın ifalarından ibarət videomaterial nümayiş olunub.

Tədbir konsert proqramı ilə davam edib.

 

Mədəniyyət.- 2018.- 7 dekabr.- S.2.