Kolorit Azərbaycan-Özbəkistan dostluğuna həsr olunub

 

Özbəkistan paytaxtındakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM), Özbəkistan Rəssamlıq Akademiyası Kəmaləddin Behzad adına Milli Rəssamlıq Dizayn İnstitutu Kolorit adlı sərgi keçirib.

Azərbaycan-Özbəkistan dostluğuna həsr olunan sərginin açılışında AMM-in direktor müavini Polad Zeynalov iki ölkənin tarixi əlaqələri barədə məlumat verib, belə tədbirlərin əhəmiyyətindən bəhs edib. Bildirib ki, sərgidə Özbəkistanın Xalq rəssamı, professor Cavlon Umarbekovun emalatxanasında təhsil alan tələbələrin əl işləri nümayiş etdirilir. Onların arasında soydaşımız Məhəmməd Əhmədov da var.

Rəssam Cavlon Umarbekov deyib: Sərgidə istedadlı tələbələrimin müxtəlif mövzularda çəkdikləri tabloların yer alması məni sevindirir. Tələbələrin əl işləri arasında Azərbaycana həsr edilmiş əsərlər var.

Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov və digər çıxış edənlər tələbələrin ən müxtəlif mövzulara müraciət etdiklərini bildirib, onlara uğurlar arzulayıblar.

 

Mədəniyyət.- 2018.- 12 dekabr.- S.8.