Şəmsi Əsədullayevin evi

Azərbaycanlı milyonçunun tikdirdiyi bina Moskvada indibu adla tanınır

 

Bir millətin tarixində yetişən, əməlləri ilə yalnız öz ölkəsində deyil, onun hüdudlarından kənarda da məşhurlaşan şəxsiyyətlər o millətin fəxarət ünvanlarındandır. Bəhs edəcəyim belə dəyərli şəxsiyyətlərimizdən birineft milyonçusu və xeyriyyəçi Şəmsi Əsədullayevdir.

Moskvada olarkən Kazan türklərindən eşitdim ki, azərbaycanlı milyonçu vaxtilə burada böyük bir bina inşa etdirib, tatarlara ərməğan edib. Bina bu gün də tatarların Mədəniyyət mərkəzi kimi fəaliyyət göstərir və Əsədullayevin evi kimi tanınır. Bu, eşitdiklərim ilkin məlumat idi. Rusiyanın paytaxtında həmyerlimizin tikdirdiyi və adını daşıyan binanı görmək, tarixi ilə bağlı ətraflı bilgi əldə etmək marağı istər-istəməz məni o ünvana götürdü.

Bina Moskvanın mərkəzində, Malı Tatarski döngəsi 8 ünvanında, tarixi məscidin yaxınlığında yerləşir. Böyük darvazadan keçərək binanın həyətinə daxil oluruq. Tikilinin fasadı üzərində diqqəti ilk cəlb edən tatar dilində yazıdır: , yəni mərhum Şəmsinin məktəbi. Dördmərtəbəli bina bu günöz möhtəşəmliyini qoruyur.

Binanın tikilmə tarixi

Necə olub ki, Azərbaycan milyonçusu Moskvanın mərkəzində, həm də tatarlar üçün belə bir bina inşa etdirib? Məsələni araşdırdıqda bəlli olur ki, bu həm Şəmsi Əsədullayevin fəaliyyəti, həm də şəxsi həyatı ilə bağlı olub. O, 1840-cı ildə Bakının Əmircan kəndində kasıb ailədə doğulub. Zənginliyə gedən yolu dönəmin digər azərbaycanlı milyonçularının yoluna bənzəyir. Ailəni təmin etmək üçün arabaçı kimi çalışıb. Suraxanıda aldığı torpaqdan neft çıxıb və onu milyonçuya çevirib. O zamankı yerli neft milyonçularının bir qismi kimi, Şəmsi də qazandıqlarının bir qismini xeyriyyəçiliyə sərf edib. Bu ənənəni Rusiyada yaşayarkən də davam etdirib. Öncə PeterburqMoskva kimi böyük şəhərlərdə biznes fəaliyyəti ilə məşğul olub. Onun ikinci həyat yoldaşı Rusiya Dövlət Duması deputatının qızı Mariya Petrovna olub. Bu səbəbdən sonralar o, Bakıdan Moskvaya köçür və həyatına orda davam edir.

Tatarlar üçün tikdirdiyi binaya gəlincə, ilkin ehtimallar bundan ibarətdir ki, o zaman Moskvada az sayda azərbaycanlı yaşasa da, tatarların sayı çox olub. Digər tərəfdən həmin dövrdə tatarlar Moskvada müsəlman-türk icmasının aparıcı qüvvəsi idi. Şəmsi Əsədullayev 1912-ci ilin dekabrında yerli qubernatora müraciət edərək müsəlman məktəbi üçün bina tikilməsi üçün torpaq sahəsi istəyir. Müvafiq icazə alınır və tikinti işləri başlanır. Həmin illərdə Rusiya mətbuatı Şəmsinin bu məktəbin tikintisinə böyük miqdarda pul sərf etdiyindən yazırdı. Lakin binanın tikilib başa çatmasını görmək Əsədullayevə nəsib olmur. O, 1913-cü ildə Yaltada istirahət etdiyi zaman 72 yaşında vəfat edir və Bakıya gətirilərək doğulduğu Əmircan kəndində dəfn edilir. Onun işlərini Əsədullayevin Ticarət İşləri kompaniyasının müvəkkili Yusif B.Vəzirov aparır. Bina memar Vladimir Krauzenin layihəsi əsasında tikilir və 1914-cü ildə hazır olur.

Tarixi hadisələrə ev sahibliyi edən məkan

Beləliklə, bina 1915-ci ildə tatarların ixtiyarına verilir. Qeyd etdiyim kimi, ilkin vaxtlarda müsəlman məktəbi kimi fəaliyyət göstərən binada dərslər keçilibbütün xərclər də Əsədullayevin bank hesabındakı pullarla ödənilib. Məktəbdə qızlar və oğlanlar ayrı-ayrı mərtəbələrdə dərs alıb. Bundan başqa, müsəlman gəncləri gecələri təşkil edilib və tələbələrə pulsuz nahar verilib. Binada mətbəə də yerləşib. Burada tatar milli hərəkatının liderlərindən olan Qayaz İshaqın redaktorluğu ilə tatar dilində Sözİl (ölkə) adlı qəzetlər çap olunub.

Məşhur tikili tarixi hadisələrə də ev sahibliyi edib: Ümumrusiya müsəlmanları qurultayı 1917-ci ilin mayında bu binada keçirilib.

Tatar Mədəniyyət Mərkəzinin rəhbəri Anvar Husayinovun sözlərinə görə, inqilab binanın taleyinə də təsirsiz ötüşməyib: Həmin illərdə bina dövlət mülkiyyətinə keçib. Sonrakı illərdə binada Nəriman Nərimanov adına məktəb fəaliyyət göstərməklə yanaşı, teatr, mətbəə, uşaq bağçası, türk xalqlarının kitabxanası da yerləşib. Sovet İttifaqı Qəhrəmanı, tatar şair Musa Cəlil də burada dərs deyib.

Binanın Moskva Müsəlmanları Mədəniyyət Mərkəzi rolu 1941-ci ilə qədər davam edib. Müharibə başlayandan sonra Əsədullayevin evi hərbi hospital kimi fəaliyyət göstərib. Müharibədən sonra isə SSRİ Xarici İşlər Nazirliyinin balansına verilib. Binada SSRİ XİN-in makinaçılar kursu fəaliyyət göstərib. A.Husayinov binanın 2003-cü ildə Moskva Hökuməti tərəfindən Regional Tatar Milli-Mədəni Muxtariyyətinə (ictimai təşkilat red.) verildiyini söyləyir.

Tarix və mədəniyyət bir arada yaşadılır

Bina 41 otaqdan ibarətdir. Yuxarı mərtəbələrə geniş pilləkənlərlə qalxırsan. Mərkəzin rəhbəri A.Husayinov söhbət əsnasında onu da dedi ki, təmir zamanı binada bütün detalları qorumağa çalışıblar. Qapılar, pəncərələr, qapı dəstəkləri və digər bütün əşyalar olduğu kimi qalır. Divarlarda tatar şairləri Musa Cəlilin, Abdulla Tukayın, digər tanınmış şəxsiyyətlərin, Böyük Vətən müharibəsində qəhrəmanlıq göstərmiş tatarların rəsmləri asılıb. Yəni mərkəz həm də tatar tarixini yaşadır. Binanın üçüncü mərtəbəsinə qalxdıqda qarşılaşdığımız böyük güzgünü isə Şəmsi Əsədullayev vaxtilə Fransadan gətirdibmiş.

Əsədullayevin evində tez-tez tatar və türk-müsəlmanların tədbirləri, təqdimat və görüşlər keçirilir. Eyni zamanda dərnəklər fəaliyyət göstərir, tatar dili dərsləri öyrədilir, böyük kitabxana fəaliyyət göstərir.

A.Husayinov Moskvada yaşayan millətləri bir-birindən ayırmadıqlarını deyir: Təkcə tatarlar deyil, ruslar, başqırdlar, çuvaşlar, azərbaycanlılar, Qafqaz xalqlarının nümayəndələri də bizim mərkəzimizdə tədbirlər keçirir. Burada alimlər, həkimlər daxil olmaqla bütün təbəqələrin insanları bir araya gəlir. İldə üç yüzə qədər tədbir olur. Teatr studiyamız, vokal, rəqs kollektivimiz var. Müxtəlif kurslar fəaliyyət göstərir. Uşaqlara da xüsusi diqqət ayırırıq. Moskvada keçirilən bütün tədbirlərdə iştirak edirik. Bir neçə il öncə türk xalqlarının festivalını keçirdik və Azərbaycanın səfiri Polad Bülbüloğlu salamlama nitqi ilə çıxış etmişdi. Bir sözlə, Əsədullayevin evi Regional Tatar Milli-Mədəni Muxtariyyətinin simvolu hesab edilir.

P.S. Sonda təəssüflə bir məqamı da qeyd etmək istəyirəm. Binanın, demək olar ki, bütün otaqlarını gəzsəm , Şəmsi Əsədullayevin kiçik rəsminə belə rast gəlmədim. Bu barədə sualıma mərkəz rəhbərinin cavabı belə oldu: Fasadın üzərində yazısı var.

 

 

Mehparə SULTANOVA

 

Mədəniyyət.- 2018.- 14 dekabr.- S.6.