“Kərgədan buynuzu” tələbələrin ifasında

 

 

Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tələbələrinin hazırladığı “Kərgədan buynuzu” tamaşası nümayiş olunub.

Maqsud İbrahimbəyovun eyniadlı əsəri əsasında hazırlanan tamaşaya dram rejissoru ixtisası üzrə rus bölməsinin IV kurs tələbələri Fəridə Nesterenko, Bella Klimaşeva, Yuri Omelçenko, Raulya Rzayeva, Cahandar Cəfərli və Tamerlan Əsədov quruluş veriblər.

ADMİU-nun Ədəbiyyat və dillər kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Fəridə Səfiyevanın layihəsi əsasında hazırlanan tamaşada Teatr sənəti fakültəsinin teatrkino aktyoru ixtisasının rus bölməsinin II və IV kurs tələbələri, Rus Dram Teatrının aktyoru, Əməkdar artist Maqsud Məmmədov çıxış edib.

Tamaşada aktyorların səhnə danışığı ilə Xalq artisti Ayan Mirqasımova və Əməkdar artist Azad Şükürov məşğul olub. Səhnə əsərinin plastik həlli Xalq artisti Pərviz Məmmədrzayevə, musiqi tərtibatı Aysel Əzizovaya aiddir.

Xalq artisti, professor Cənnət Səlimova və Əməkdar artist Sonaxanım Mikayılovanın rəhbərlik etdiyi kursların tələbələrinin birgə hazırladıqları tamaşa maraqla qarşılanıb.

 

Mədəniyyət.- 2018.- 14 dekabr.- S.2.