Parisdə anım tədbiri keçirilib

 

Ölkəmizin Fransadakı səfirliyinin və UNESCO yanında daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində ulu öndər Heydər Əliyevin xatirəsi yad edilib.

Mərasimdə çıxış edən səfir Rəhman Mustafayev ulu öndərin hələ sovet dövründə Azərbaycanda güclü sənayenin, elmi və mədəni inkişafın təməlini qoyduğunu qeyd edib. Diqqətə çatdırılıb ki, ölkəmizdə dərin böhranın yaşandığı 1993-1994-cü illərdə Heydər Əliyev Azərbaycanın müstəqil dövlətçiliyinin qorunub möhkəmləndirilməsində tarixi xidmətlər göstərib.

Anım mərasimində UNESCO yanındakı daimi nümayəndəliyin rəhbəri səfir Anar Kərimov, mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, millət vəkili Sabir Hacıyev, əslən azərbaycanlı olan fransalı aktyor Robert Hossein, Azərbaycanın Dostları Assosiasiyasının sədri Jan-Fransua Mansel, eləcə də səfirliyimizin və daimi nümayəndəliyimizin əməkdaşları, Parisdə yaşayan və təhsil alan azərbaycanlılar iştirak ediblər.

Sonra Fransanın Alfred Cortot adına ali musiqi məktəbinin tələbələri Vurğun Vəkilov (piano) və Ağarəhim Quliyev (fleyta) klassik musiqi ifa ediblər. Gənc musiqiçilərin ifasında ümummilli liderin çox sevdiyi Küçələrə su səpmişəm xalq mahnısı da səslənib.

 

Mədəniyyət.- 2018.- 14 dekabr.- S.4.