Cəfər Cabbarlının 120 illiyi qeyd ediləcək

   

 

 

Prezident İlham Əliyev dekabrın 17-də Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, yazıçı və dramaturq Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda bildirilir ki, 2019-cu ilin mart ayında anadan olmasının 120 ili tamam olan Cəfər Cabbarlı XX əsr Azərbaycan ədəbiyyatının geniş şöhrət tapmış nadir simalarındandır. Klassik ədəbi irs zəminində yetişən ədib milli ədəbiyyatın parlaq ənənələrini qorumaqla bərabər, yenilikmüasirlik uğrunda mübarizəni yaradıcılığının əsas qayəsinə çevirib. Dramaturgiyamızın təşəkkülü və yüksəlişi tarixində yeni mərhələnin təməlini qoyan Cəfər Cabbarlının əsərləri uzun illər boyu tamaşaçıların bir neçə nəslinin estetik zövqünün formalaşmasında əvəzsiz rol oynayıb, yaratdığı güclü xarakterlərkoloritli obrazlarla bədii-estetik fikir salnaməmizə misilsiz töhfələr verib.

Sərəncamda Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, böyük ədib və dramaturq Cəfər Cabbarlının 120 illiyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.

 

Mədəniyyət.- 2018.- 19 dekabr.- S.2.