Gənc rəssamın Ruhu

 

İçərişəhərdə yerləşən Müasir İncəsənət Mərkəzində dekabrın 17-də gənc rəssam Ruhulla Həsənzadənin Ruh adlı fərdi sərgisi açılıb.

Mərasimdə Xalq rəssamı Arif Əziz, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev və digər çıxış edənlər rəssamın sənət dünyasından söz açıblar.

Bildirilib ki, Ruhulla Həsənzadə 1993-cü ildə Bakıda rəssam ailəsində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Rəngkarlıq fakültəsinin məzunudur. Bir sıra yerli və beynəlxalq sərgilərdə iştirak edib. Hazırda həm də kitab illüstrasiyası ilə məşğuldur.

Tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirən Ruhulla Həsənzadə bu sərginin onun üçün əlamətdar günə təsadüf etdiyini söyləyib. Bildirib ki, bu gün atası heykəltəraş-rəssam İbrahim Həsənzadənin 65 yaşı tamam olur. Bu səbəbdən də o, bu sərgini iki yaradıcı insanın ata ilə oğulun birgə sərgisi kimi dəyərləndirib.

Sonra qonaqlar əsərlərlə tanış olublar. Sərgidə rəssamın 30-a yaxın əl işi yer alıb. O, əsərləri ilə insanları öz ruhlarına azadlıq verməyə, onu dinləməyə çağırır.

 

Mədəniyyət.- 2018.- 19 dekabr.- S.5.