Azərbaycanın ilk admiralı

 

 

Cəlil Cavadovun 100 illiyi qeyd olunub

 

Dekabrın 18-də AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycanın ilk admiralı Cəlil Cavadovun 100 illiyinə həsr olunmuş tədbir və “Admiral Cavadov. Həyatı və  döyüş  yolu” kitabının təqdimat mərasimi  keçirildi.

Tədbirdə mədəniyyət naziri Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev, Müdafiə Nazirliyinin nümayəndələri, alim və mütəxəssislər, admiralın ailə üzvləri iştirak edirdi.

Muzeyin direktoru, akademik Nailə Vəlixanlı admiral Cəlil Cavadovun ömür yolu və xidməti fəaliyyətindən söz açdı. Bildirdi ki, kitabda ilk azərbaycanlı admiralın həyat və fəaliyyəti əksini tapıb. Cəlil Cavadov Böyük Vətən müharibəsini ilk gündən son gününə qədər keçib.

Direktor admiral Cavadovun həyat yolunun araşdırılması və geniş ictimaiyyətə, gənc nəslə çatdırılmasının vacibliyini vurğuladı.

Daha sonra admiralın həyat yolunu əks etdirən videolsaydın müşayiəti ilə kitabın müəllifi, tarix üzrə fəlsəfə doktoru, dosent Səbuhi Əhmədov “Azərbaycanın ilk admiralı” mövzusunda məruzə ilə çıxış etdi.

Müdafiə Nazirliyi Mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi, general-mayor Rasim Əliyev, Azərbaycan Respublikası Silahlı Qüvvələri Hərbi Akademiyasının professoru, ehtiyatda olan birinci dərəcəli kapitan Nurulla Əliyev admiral Cəlil Cavadovun II Dünya müharibəsi dövründə keçdiyi döyüş yolundan bəhs etdilər. Bildirdilər ki, Azərbaycan, eləcə də SSRİ türk-müsəlman xalqlarının tarixində admiral adına layiq görülən ilk şəxsiyyət kimi Cəlil Cavadovun hərb tariximizdə özünəməxsus yeri var. Onun Qara dəniz, Şimal dənizi, Baltik dənizində, eləcə də Dunay çayında keçirdiyi hərbi əməliyyatlar hərb tarixinin maraqlı səhifələri kimi mühüm araşdırma mövzusudur.

Daha sonra müəllifi Tural Əliyev olan “Donanmanın əfsanəsi” adlı film nümayiş olundu.

Admiralın qızı, Mədəniyyət Nazirliyi Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin müdiri Azadə Hüseynova ailə üzvləri adından tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirdi. Vurğuladı ki, kitab milli arxivlərimizdə və xarici ölkə arxivlərində saxlanılan faktlar əsasında yazılıb. O, kitabın ərsəyə gəlməsində dəstəyə görə Mədəniyyət və Müdafiə nazirliklərinə minnətdarlığını ifadə etdi.

Qeyd edək ki, tədbir çərçivəsində Milli Azərbaycan Tarixi Muzeyinin 50-dən artıq eksponatı əsasında hazırlanmış və admiralın həyat yolunu əks etdirən sərgi nümayiş olundu. Sərgidə admiralın diplomları, şəxsi əşyaları, hərbi geyimi, silahı, orden və medalları, fotoşəkilləri yer alıb. “Hədəf” liseyi və “Günəş” art-studiyasının hazırladığı “İlk admiralımız” adlı uşaq rəsmlərindən ibarət sərgi də maraqla qarşılandı.

Sonda C.Cavadovun həyatı, döyüş və xidmət yolunun tədqiq və təbliğində xidmətləri olan şəxslərə təşəkkürnamələr, rəsm sərgisində iştirak etmiş məktəblilərə sertifikatlar və xatirə hədiyyələri təqdim olundu.

 

LALƏ

 

Mədənitytət.- 2018.- 19 dekabr.- S.1;4.