Bakı Kitab Mərkəzində “Tarixlə üz-üzə”

 

 

Ölkəmizin Polşadakı səfiri, tarix elmləri doktoru Həsən Həsənovun “Makedoniyalı İsgəndər və Atropat” kitabı Azərbaycan və rus dillərində çapdan çıxıb. Dekabrın 19-da Bakı Kitab Mərkəzində kitabların təqdimatı keçirilib.

Mərkəzin “Tarixlə üz-üzə” layihəsi çərçivəsində reallaşan təqdimatda çıxış edən Həsən Həsənov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən belə bir mədəniyyət və ədəbiyyat ocağının – Bakı Kitab Mərkəzinin yaradılmasını yüksək qiymətləndirib. Kitab barədə məlumat verən Həsən Həsənov qeyd edib ki, nəşrdə iki mövzudan – Azərbaycan adlı müstəqil dövlətin yaranmasından bəhs olunur. Azərbaycan dövlətinin ilk dəfə eramızdan əvvəl VII əsrdə yaradılmasının kitabda tarixi faktlarla sübut olunduğunu qeyd edən müəllif deyib: “Mən iki mötəbər mənbəyə – SuriyadaKarxi de Bet Selox” və IV əsr Roma tarixçisi Ammian Martsellinə istinad etmişəm. Birinci mənbədə Arbat tərəfindən Adorbayqan adlı dövlətin yaradılması, ikinci mənbədə isə Atropatena adlı dövlətin məhz Assuriya imperiyasının süquta uğraması nəticəsində yaradılması göstərilir. Sovet dövründə tarixçi Ammian Martsellinin əsərinin tərcüməsi zamanı məhz bu fikirlər ixtisara salınmışdı”.

“Makedoniyalı İsgəndər və Atropat” kitabında qədim Azərbaycan dövləti olan Atropatenanın əslində eramızdan əvvəl IV əsrdə deyil, VII əsrdə yaranması diqqətə çatdırılır. İndiyə kimi tarix kitablarında Atropatena dövlətinin Makedoniyalı İsgəndərin ölümündən sonra onun imperiyasının parçalanması nəticəsində eramızdan əvvəl 321-ci ildə yarandığı bildirilir. Müəllif sübut edir ki, Atropatena dövləti Assuriya imperiyasının parçalanması nəticəsində eramızdan əvvəl 612-ci ildə yaranıb. Eramızdan əvvəl IV əsrdə isə Atropatena dövləti bərpa olunub.

Sonra Həsən Həsənov oxucuların suallarını cavablandırıb, müəllifi olduğu kitabı imzalayaraq onlara təqdim edib.

 

Mədəniyyət.- 2018.- 21 dekabr.- S.3.