Metroda incəsənət

 

 

“Nəriman Nərimanov” stansiyasında “Azərbaycanın görkəmli rəssamları” sərgisi açılıb

 

Paytaxt metrosunda növbəti sənət layihəsinə start verilib. Dekabrın 20-də metronun “Nəriman  Nərimanov” stansiyasında “Azərbaycanın görkəmli rəssamları” adlı sərginin açılışı keçirildi. Layihə “Bakı Metropoliteni” QSC və Azərbaycan Milli İncəsənət Muzeyinin təşkilatçılığı, “Bravo” supermarketlər şəbəkəsinin dəstəyi ilə gerçəkləşir.

Tədbirdə Mədəniyyət Nazirliyi İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov, Milli İncəsənət Muzeyinin İnnovasiya şöbəsinin müdiri Səbinə Ağamirova iştirak edirdilər.

“Bakı MetropoliteniQSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov çıxış edərək sərginin Azərbaycan təsviri sənətinin təbliğinə xidmət etdiyini dedi: “Sərgidə Milli İncəsənət Muzeyinin kolleksiyasından XVII əsrdən müasir dövrədək 85 boyakarlıq və qrafika əsərinin reproduksiyaları təqdim olunur. Altı ay davam edəcək sərgidə metro sərnişinləri Azərbaycanın təsviri sənət tarixində önəmli yer tutan Mirzə Qədim İrəvani, Əzim Əzimzadə, Tağı Tağıyev, Mikayıl Abdullayev, Böyükağa Mirzəzadə, Səttar Bəhlulzadə, Tahir Salahov, Çingiz Fərzəliyev və başqa rəssamların yaradıcılıq nümunələri ilə tanış olmaq imkanı əldə edəcəklər”.

Vurğulandı ki, smartfonya planşetlərə “QR-Code” proqramı yükləyərək görkəmli rəssamların əsərləri ilə virtual şəkildə də tanış olmaq mümkündür.

Bakı İncəsənət Mərkəzi Yaradıcılıq Birliyinin rəhbəri Rafael Gülməmmədli də layihənin əhəmiyyətindən bəhs etdi. Bildirdi ki, məqsəd Azərbaycanın görkəmli rəssamlarının sənət dünyası ilə Bakı sakinlərini və şəhərimizin qonaqlarını yaxından tanış etməkdir.

Qeyd edək ki, Azərbaycan Milli İncəsənət Muzeyinin əməkdaşları gün ərzində tamaşaçılara sərgi barədə geniş məlumat verib, onları maraqlandıran sualları cavablandırıblar.

“Bakı MetropoliteniQSC-nin son illər “MetroGallery” layihəsi çərçivəsində keçirdiyi sosial aksiyalar maraqla qarşılanır. Bu sırada “Dünya rəssamları” sərgisi, talassemiyalı uşaqlara yardım məqsədilə uşaqların rəsm əsərlərinin nümayişi, Azərbaycan kinosunun 120 illiyinə həsr olunmuş və ölkəmizdə Xəzər dəniz gəmiçiliyinin 160 illiyini əks etdirən sərgiləri qeyd etmək olar.

 

FARİZ

 

Mədəniyyət.- 2018.- 21 dekabr.- S.4.