Rəssam İbrahim Səfiyevin yubileyi qeyd edilib

 

AMEA-nın Naxçıvan Bölməsində məşhur rəssam İbrahim Səfiyevin 120 illik yubileyi qeyd edilib.

Bölmənin sədri, akademik İsmayıl Hacıyev, muxtar respublikanın Rəssamlar Birliyinin sədri, Əməkdar rəssam Ülviyyə Həmzəyeva rəssamın sənət irsindən, o cümlədən Türkiyədəki həyatından söz açıblar. Muxtar respublikanın mədəniyyət naziri Natəvan Qədimova Görkəmli rəssam İbrahim Səfiyevin yaradıcılığında janr müxtəlifliyi mövzusunda çıxış edib.

Tədbirdə AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin İbrahim Səfiyevin yaradıcılığının tədqiqi məsələləri, Naxçıvan Müəllimlər İnstitutunun rektoru, dosent Elbrus İsayevin İbrahim Səfiyevin yaradıcılığı: tarixi ənənələr və müasirlik, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı, Naxçıvan Dövlət Universitetinin baş müəllimi Həbibə Allahverdiyevanın İbrahim Səfiyevin yaradıcılığında milli kolorit mövzularında çıxışları dinlənilib.

Bildirilib ki, İbrahim Səfiyevin əsərləri Türkiyə, Fransa, Avstriya, ABŞ, İsveçrə və digər ölkələrdə fərdi sərgilərdə nümayiş olunub. Tanınmış rəssamın əsərləri Türkiyədə və dünya muzeylərində, o cümlədən şəxsi kolleksiyalarda, Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır.

 

Mədəniyyət.- 2018.- 26 dekabr.- S.4.