Görkəmli musiqiçinin xatirəsi anıldı

Tanınmış skripkaçı və dirijor, Xalq artisti, mərhum sənətkar Sərvər Qəniyevin 80 illiyi münasibətilə dekabrın 26-da Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində musiqili tədbir keçirildi.

Musiqişünas Nərgiz Kərimova çıxış edərək yubilyarın ömür və sənət yolundan, respublika hüdudlarından kənarda mədəniyyətimizi ustalıqla təmsil etməsindən və insani keyfiyyətlərindən danışdı.

Bildirdi ki, Sərvər Qəniyev 5 avqust 1937-ci ildə Bakıda doğulub. İlk musiqi təhsilini Bülbül adına Musiqi məktəbində alıb. Professional musiqi təhsilini isə P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında davam etdirib. 1963-cü ildən Azərbaycan Dövlət Konservatoriyasında müəllim və Azərbaycan Dövlət Filarmoniyasında solist olub. 1965-ci ildə S.Qəniyevin təşəbbüsü ilə konservatoriyanın nəzdində simli kvartet yaradılıb, 1979-cu ildən bu kollektiv filarmoniyanın nəzdində fəaliyyət göstərib. S.Qəniyev 1971-1979-cu illərdə Qahirə Konservatoriyasında Simli alətlər kafedrasının müdiri vəzifəsində işləyib, eyni zamanda Qahirə simfonik orkestri ilə müxtəlif Avropa ölkələrində qastrol səfərlərində olub. Onun Misirdə yetişdirdiyi tələbələr bu ölkənin müxtəlif musiqi kollektivlərində müvəffəqiyyətlə çalışırlar. Sənətkar 1991-ci ildən ömrünün sonunadək Türkiyənin Bilkənd Universiteti Skripka kafedrasının professoru, kamerasimfonik orkestrinin bədii rəhbəri və dirijoru olub.

Musiqi sənəti sahəsində xidmətlərinə görə 1967-ci ildə Əməkdar artist, 1982-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb, 2007-ci ildə Şöhrət ordeni ilə təltif olunub. 2010-cu ildə vəfat edib.

Xalq artisti Tofiq Bakıxanov sənətkarla bağlı xatirələrini bölüşdü. Qeyd etdi ki, Sərvər Qəniyev Qarabağın məşhur bəylərindən olmuş Cəmil bəy Behbudovun nəvəsi idi.

Məktəbin direktoru, Əməkdar artist Əziz Qarayusifli, sənətşünaslıq üzrə fəlsəfə doktoru Hökümə Əliyeva çıxış edərək S.Qəniyevin insani keyfiyyətlərindən, yaradıcılıq yolundan söz açdılar.

Tədbirin bədii hissəsində respublika və beynəlxalq müsabiqələr laureatları Nərgiz Hüseynzadə, Zərrin Əliyeva, Nərgiz Əliyeva, Ülvi Tahirov, Fidan Həsənova, Nuray Seyid, Jalə Mailova və başqalarının ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirildi.

Sənətkarın oğlu, skripkaçı, Əməkdar artist Toğrul Qəniyev ailələri adından tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirdi.

 

Savalan FƏRƏCOV

 

Mədəniyyət.- 2018.- 28 dekabr.- S.1;4.