“Mikayıl Rzaquluzadə. Biblioqrafiya” kitabının təqdimatı

 

 

Azərbaycan Milli Kitabxanasının və F.Köçərli adına Respublika Uşaq Kitabxanasının birgə layihəsi üzrə “Mikayıl Rzaquluzadə. Biblioqrafiya” kitabı hazırlanaraq nəşr olunub. Dekabrın 27-də Milli Kitabxanada biblioqrafik nəşrin və eyniadlı elektron məlumat bazasının təqdimatı keçirilib.

Milli Kitabxananın direktoru Kərim Tahirov çıxış edərək nəşrin əhəmiyyətindən söz açıb. Bildirib ki, mədəniyyət tarixində Mikayıl Rzaquluzadənin xüsusi yeri var. Tərcüməçi kimi fəaliyyət göstərən M.Rzaquluzadə həm gözəl şair, həm də yazıçı kimi tanınıb.

Qeyd edilib ki, Mikayıl Rzaquluzadənin həyat və fəaliyyətini əks etdirən bu biblioqrafiya böyük zəhmətin məhsuludur. Biblioqrafiyanın tərtibçiləri Nazilə Tahirova, Leyla Qafarova, Tünzalə Əzizova, ixtisas redaktoru və buraxılışa məsul Şəhla Qəmbərova, redaktoru Gülbəniz Səfərəliyeva, ön sözün müəllifi, professor Zahid Xəlildir. Kitab mədəniyyətimizin qiymətli bir hissəsinin əbədiləşməsinə xidmət göstərir.

Respublika Uşaq Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova söyləyib ki, M.Rzaquluzadənin 115 illiyi münasibətilə kitabxananın əməkdaşları yazıçının yaradıcılığını tam halda işıqlandırmaq məqsədilə bu biblioqrafik vəsaitin tərtibinə qərar verib. Uşaq ədəbiyyatının görkəmli nümayəndəsinin həyat və yaradıcılığına həsr olunan biblioqrafiyada şairin 1923-2018-ci illərdə çap edilən əsərləri və onun haqqında yazılan materiallar öz əksini tapıb.

Professor Zahid Xəlil və digər qonaqlar nəşrin əhəmiyyətinə toxunaraq qeyd ediblər ki, biblioqrafiyada ədibin  şəxsi arxiv materialları da əksini tapıb. Ədəbiyyatşünaslar, tədqiqatçılar, kitabxanaçı-biblioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitab uşaq ədəbiyyatı xəzinəsinə dəyərli töhfədir.

 

Mədəniyyət.- 2018.- 28 dekabr.- S.1-2.