Ceyms Oldric və Azərbaycan

 

 

Dekabrın 26-da AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində avstraliyalı ingilis yazıçısı və publisist Ceyms Oldricin 100 illik yubileyinə həsr olunan “O, Azərbaycanı sevirdi” adlı elmi sessiya keçirilib.

Tədbirdə filologiya elmləri doktoru Şahin Xəlillinin “Ceyms Oldric və Azərbaycan” kitabının təqdimatı olub. Kitabın elmi redaktoru akademik Rafael Hüseynov, rəyçiləri professorlar Qəzənfər Paşayev, Qorxmaz QuliyevAynur Sabitovadır.

Tədbirdə “O, Azərbaycanı sevirdi” adlı məruzə ilə çıxış edən akademik Rafael Hüseynov xatırladıb ki, 1993-cü ildən başlayaraq muzeydə C.Oldricin yaradıcılığına həsr edilən müxtəlif tədbirlər keçirilir. XX yüzilliyin məşhur fikir adamlarından biri  Ceyms Oldric hələ yetkinlik yaşlarından doğulub böyüdüyü ucqar Avstraliya şəhərindən ayrılaraq İkinci Dünya müharibəsi illərində hərbi müxbir kimi fəaliyyətə başlayıb. Sonralar müxtəlif bədii nəsr əsərlərinin müəllifi kimi tanınacaq Oldricin həyat yolu onu Azərbaycana da gətirib. Yazıçının yaradıcılığında Azərbaycan mövzusu əhəmiyyətli yer tutur. Bu ölkəyə maraq, onu öyrənmə və ona bağlılıq hissi yazıçının məşhur “Diplomat” romanını ərsəyə gətirməsi ilə nəticələnib. Azərbaycandan, onun zəngin dil xəzinəsindən, İranda yaşayan azərbaycanlıların 1945-1946-cı illərdəki milli azadlıq hərəkatından bəhs edən bu dəyərli əsər çox keçmir ki, bütün dünyaya yayılır və otuza yaxın dilə tərcümə edilir.

Məşhur ingilis yazıçısının dəfələrlə keçmiş SSRİ-də, o cümlədən Azərbaycanda olduğunu deyən akademik onun ölkəmizlə bağlı fikirlərini diqqətə çatdırıb: “Mənim qəlbimdə həmişə Azərbaycanın məxsusi yeri olmuşdur. Bu ölkəni, bu məkanı ürəkdən sevirəm. Azərbaycan dünyada gözəl nə varsa, onun vəhdətini özündə təcəssüm etdirir. Burada yurd da, adamlar da bir-birinə yaraşır. Bu yer də, bu məkan da, bu yerin insanlarının ruhu da bir-birini tamamlayır”.

Sonra R.HüseynovCeyms Oldric və Azərbaycan” elmi publisistik, ədəbi esselər toplusunun müəllifi Şahin Xəlillinin yaradıcılığında C.Oldricin yerirolu barədə məlumat verib.

Sonra filologiya elmləri doktoru Şahin Xəlilli, professor Qəzənfər Paşayev Ceyms Oldric şəxsiyyəti, yaradıcılığı haqqında danışıblar. Telejurnalist Etibar Babayev Ceyms Oldriclə bağlı görüşünü xatırladıb, onunla bağlı xatirələrini bölüşüb.

 

Mədəniyyət.- 2018.- 28 dekabr.- S.7.