“Ardı yaşanılır” sənədli filminin təqdimatı keçirildi

 

   Görkəmli yazıçı və musiqişünas alimin 80 illik həyat yoluna ekran səyahəti

  

   Yanvarın 31-də Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilən “Ardı yaşanılır” adlı sənədli filmin təqdimat mərasimi keçirildi.

   Film Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar və həyat yoldaşı, görkəmli musiqişünas alim, AMEA-nın həqiqi üzvü, Əməkdar incəsənət xadimi Zemfira Səfərovanın 80 illik yubileylərinə həsr olunub.

   Tədbirdə Baş nazirin müavini Elçin Əfəndiyev, dövlət və hökumət rəsmiləri, tanınmış elm, ədəbiyyat və mədəniyyət xadimləri iştirak edirdi.

   Əvvəlcə qonaqlar mərkəzin foyesində yubilyarların ömür yolu və yaradıcılığından bəhs edən müxtəlif nəşrlərdən ibarət sərgi ilə tanış oldular.

   Gecənin aparıcısı Nərgiz Cəlilova bildirdi ki, bu il Anar müəllimlə Zemfira xanımın 80 yaşı tamam olur. Mart ayında görkəmli yazıçının 80 illik yubileyi qeyd ediləcək. Bu əlamətdar hadisələr fonunda isə onların həyatından bəhs edən çox maraqlı bir film ərsəyə gəlib.

   Filmin yaradıcı heyəti haqqında məlumat verən aparıcı diqqətə çatdırdı ki, ekran əsərinin ideyası və ssenari müəllifi Günel Anarqızına məxsusdur. Filmin rejissoru Gülər Həsənli, bəstəkarı Vaqif Gərayzadədir.

   Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, gecənin qəhrəmanları Azərbaycan mədəniyyətinə parlaq səhifələr bəxş etmiş insanlardır: “Anar müəllimin və Zemfira xanımın ailəsi ölkəmizin mədəniyyət və incəsənət tarixinə, elminə böyük töhfələr verib. Onların yaradıcılıq mühiti, əsərləri, kitabları, elmi araşdırmaları bizim elmi-ədəbi mühitin formalaşmasında mühüm rol oynayır. Hər bir böyük ziyalının özünəməxsus dünyası, fərqli düşüncələri, münasibətləri var. Film vasitəsilə ötürülən mesajlar gənc nəslin tərbiyələnməsində, cəmiyyətə münasibətinin formalaşmasında mühüm amildir”.

   Nazir bir məqamı xüsusi vurğuladı ki, əslində, bir ziyalı ailənin həyat tərzi, bir-birini anlaması, övladlarının tərbiyəsi kimi məsələlərin cəmiyyətə nümayişi onların yaradıcılıq məhsulları olan kitablar, monoqrafiyalar qədər vacibdir:Saf ailə mühitinin, ənənələrin qorunması, ziyalıların bir-birinə dəstək verməsi və bunun nəticəsində Azərbaycan mədəniyyətinə və incəsənətinə verilən töhfə ölçüyəgəlməzdir. Məntiqi nəticə kimi filmin ssenari müəllifi, bu mühitdə formalaşmış Günel xanımı nümunə göstərə bilərik. Hesab edirəm ki, hər bir Azərbaycan ziyalısı, yaradıcı insan bu amili qorumalıdır. Belə nümunəvi Azərbaycan ailəsi gənc nəslə örnəkdir”.

   Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək filmin qəhrəmanlarını təbrik etdi. Diqqətə çatdırdı ki, hər bir xoşbəxt ailə özünəməxsusluğu ilə seçilir: “Deyirlər ki, ailənin təməlinin əsası düzgün həyat yoldaşı seçməkdən başlayır. Ancaq ailədə sədaqət, fədakarlıq, inam, hörmət, düzgünlük, sevgi yoxdursa, o ailədə xoşbəxtlik anlayışından danışmağa dəyməz. Bu mənada, yazıçı Anarmusiqişünas Zemfira xanımın özünəməxsus ailə platforması var. Daim axtarışda olan, yazıb-yaradan cütlük qarşılıqlı sevgi və hörmət əsasında uzun illərdir ki, xoşbəxt həyat sürürlər. Əlbəttə ki, burada ailə kökləri, gen yaddaşı böyük rol oynayır. Onlar yüksək və zəngin ənənələrə malik ziyalı nəslinin davamçılarıdır. Onların ailə prioritetləri sadiqlik, dostluq, bir-birinin fikrinə hörmətlə yanaşmaq, uşaqlarının tərbiyəsində ortaq fikirlərə sahib olmaq prinsipinə söykənir. Bu mühitdə böyüyüb-başa çatan uşaqlar, əlbəttə ki, valideynlərinə layiq olmalıdırlar. Biz bunu cütlüyün tərbiyə etdikləri övladlarının nümunəsində görürük. Buna görə də yazıçı, publisist Günel xanımın təqdim etdiyi sənədli film iki məna daşıyır. Birincisi, valideynləri qarşısında mənəvi borcu yerinə yetirmək, ikincisi isə, gələcək nəsilləri örnək ailələrlə tanış etməkdir”.

   Hicran Hüseynova çıxışının sonunda ümummilli lider Heydər Əliyevin Xalq yazıçısı Anarla bağlı fikirlərini yada saldı: “Nigar Rəfibəyli öz həyat yoldaşı Rəsul Rza ilə birgə Azərbaycan ədəbiyyatının inkişafında xüsusi rol oynayıb. Məmnunam ki, onların övladı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar valideynlərinin işini davam etdirir, Azərbaycan ədəbiyyatının, mədəniyyətinin inkişafına öz xidmətlərini göstərir”.

   Daha sonra “Ardı yaşanılır” sənədli filmi nümayiş olundu. Gecənin iştirakçıları Xalq yazıçısı Anar və həyat yoldaşı Zemfira xanımın uşaqlıq illərinə, köhnə Bakının mədəniyyət ocaqlarının tarixinə, görkəmli sənət adamları ilə bağlı unudulmaz xatirələrə və 55 illik birgə həyatın acılı-şirinli günlərinə səyahət etdilər.

  

   Lalə

 

Mədəniyyət.- 2018.- 2 fevral.- S.5.