Yeni istedadlar sorağında

 

 

   Təbiətin çox qəribə bir qanunu var. Bahar gəlir, təbiət oyanır, torpaqdan yenicə baş qaldıran çiçək öz şux rəngləri ilə göz oxşayır. Sanki torpaqda deyil, qəlbimizdə çiçək açır. Biz onun ətrini duyur, gözəlliyindən həzz alırıq. Gözəl musiqi də ətirli çiçək kimidir, onu daim dinləmək, həzz almaq istəyirsən. Bu yaxınlarda G.Şaroyev adına 35 saylı musiqi məktəbində istedadlı gənc ifaçıların təqdim etdiyi musiqilər kimi.

   Konsertə toplaşanlar bu ifalara tilsimlənmiş kimi qulaq asırdılar. Bu ifaçıların yaşlarının az olmasına baxmayaraq, peşəkar şəkildə dinləyicilərin qəlbinə hakim kəsilməsindən yalnız qürur duymaq lazımdır.

   O unudulmaz fortepiano musiqisi axşamında beynəlxalq müsabiqələr laureatları - həmin musiqi məktəbinin 10-cu sinif şagirdi Jalə İslamovaBülbül adına Orta ixtisas musiqi məktəbinin məzunu, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbəsi Rəşid Behbudov çıxış etdi.

   Jalə İslamova 2015-ci ildə Türkiyənin İstanbul şəhərində “Pera piano” beynəlxalq müsabiqəsində diploma layiq görülüb. 2016-cı ilin aprel ayında Yunanıstanda keçirilən “EMUSE” onlayn musiqi yarışmasında IV yeri tutub. Həmin il Litvanın Kaunas şəhərində “Gradus ad Parnassum” beynəlxalq yarışmasında I yerə sahib olub. 2017-ci ildə isə İspaniyanın paytaxtı Madriddə keçirilən “Ciudad De Leganes” beynəlxalq fortepiano yarışmasında II yerə layiq görülüb.

   J.İslamova həmçinin təhsil aldığı məktəbin Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçirilən yekun konsertində, Bakı Musiqi Akademiyasının böyük zalında, Bəstəkarlar İttifaqında Tofiq Quliyevin 100 illik yubileyinə həsr olunmuş yaradıcılıq gecəsində gözəl ifaları ilə tamaşaçı alqışı qazanıb. Azərbaycan Televiziyasının Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə haqqında hazırladığı “Mən uşaq olarkən” proqramında S.RaxmaninovunEtude-tableux” əsərini səsləndirib. Jalə bir sıra dünya şöhrətli musiqiçilərdən ustad dərsləri də alıb.

   2018-ci il gənc istedad üçün uğurlarla başlanıb, Jalə 12-16 yanvarda Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən M.Yudina adına XIX beynəlxalq müsabiqədə II yerə layiq görülüb.

   Musiqili gecənin daha bir qəhrəmanı Rəşid Behbudov da qazandığı nailiyyətlərlə gələcəyinin daha da parlaq olacağını nümayiş etdirir. Gənc ifaçı Gürcüstanda keçirilən beynəlxalq müsabiqədə II yeri əldə edib. Eyni zamanda ölkəmizdə təşkil olunan konsertlərdə diqqətəlayiq çıxışları ilə musiqisevərlərin marağını cəlb edə bilib.

   Böyük təəssürat aldığım konsertdə gənc musiqiçilər F.Şopen, S.Raxmaninov, L.V.Bethoven, A.Bəbirovun əsərlərini ifa edərək tamaşaçıların alqışlarını qazandılar.

   Arzumuz budur ki, Azərbaycanda belə istedadlı gənclər daha çox olsun, onların səsi ölkəmizin hüdudlarından uzaqlardan gəlsin.

  

   Fidan Nəsirova

   Musiqişünas

 

Mədəniyyət.- 2018.- 2 fevral.- S.10.