Özbəkistanda Azərbaycanla bağlı növbəti müsabiqə

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü və layihəsi ilə Özbəkistan mətbuatında Azərbaycanla bağlı növbəti İlin ən yaxşı məqaləsi müsabiqəsi elan edilib.

Müsabiqənin birinci nominasiyası Azərbaycan Xalq Cümhuriyyəti-100 müəyyən edilib. Mərkəz Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı elmi tədqiqat əsərlərinə, kitab layihələrinə də dəstək göstərməyi planlaşdırır.

2018-ci ildə müstəqil Azərbaycanın memarı ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinin qeyd olunması nəzərə alınaraq Heydər Əliyev: Azərbaycan-Özbəkistan dostluğu adlı nominasiya da builki müsabiqəyə daxil edilib.

Bu il həmçinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülən mədəniyyətlərarası dialoqa dair Bakı Prosesinin 10 yaşı tamam olur. 2011-ci ildən ənənəvi olaraq keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumu artıq qlobal platforma kimi özünü təsdiqləyib. Bu tarixi hadisənin 10 illiyi ilə əlaqədar növbəti nominasiya Azərbaycan mədəniyyətlərarası dialoqun unikal məkanıdır adlandırılıb.

Bundan əlavə, Azərbaycanın mədəniyyətinin, turizm imkanlarının Özbəkistanın televiziya kanallarında təbliği məqsədilə İlin ən yaxşı verilişi, filmi, videoçarxı və klipi, habelə ölkəmizdə istehsal olunan məhsullara yeni bazarlar qazanmaqbu məhsulların xaricdə təbliği məqsədilə Made in Azerbaijan brendi adlı nominasiya da müsabiqəyə daxil edilib. Daha bir nominasiya Naxçıvan - İslam mədəniyyətinin paytaxtı adlanır.

 

Mədəniyyət.- 2018.- 7 fevral.- S.5.