Ölkəmizin turizm məkanları Belarusda təqdim olunub

 

   Belarus Həmkarlar Federasiyasının təşkilatçılığı ilə 30 yanvar - 1 fevral tarixlərində Minsk şəhərində “Proftur-2018” turizm sərgisi keçirilib.

   Azərbaycanın Belarusdakı səfirliyindən verilən məlumata görə, sərginin əsas məqsədi Belarusda 4 milyondan çox müştəri bazası olan ən böyük turizm şirkətinin - “Belarusturistinonun xarici ölkələrdən olan tərəfdaşları ilə birlikdə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, turizm potensialının tanıdılması, müalicəvi xarakterli turizmin (sanatoriya və istirahət mərkəzləri) təşviqidir.

   2017-ci ilin oktyabrında Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi parlament nümayəndə heyətinin Belarusa rəsmi səfəri çərçivəsində keçirilmiş görüşlərdə belaruslu turistlərin öz istirahətlərini ölkəmizdə keçirmələri üçün cəlbedici vasitələrin, xüsusi (güzəştli) turpaketlərin hazırlanmasının vacibliyi vurğulanıb. Həmin danışıqların həyata keçirilməsi istiqamətində görülmüş işlərin nəticəsi kimi, builki sərgidə səfirliyin təşəbbüsü və dəstəyi ilə ilk dəfə ölkəmizin “My way travel” və “Hertz” şirkətlərinin nümayəndələrinin iştirakı təmin edilib.

   Sərgidəki Azərbaycan stendində ziyarətçilərə turistik məkanlarımız barədə məlumat verilib, Qusar və Qəbələdə qış turizmi imkanları, Naftalan sanatoriyaları, Bakı və ətraf regionlara səfər turları və digər turpaketlər təqdim olunub. Səfirliyin dəstəyi ilə qurulmuş stendin önündə Minskdə təhsil alan tələbələrimiz milli geyimlərdə qonaqları qarşılayıb və onlara milli şirniyyatlarımız olan şəkərbura və paxlava təqdim ediblər. Azərbaycan stendi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

   Belarus tərəfinə qiyməti 199 dollardan başlayan xüsusi turpaketlər təqdim olunub. Turpaket aviabilet istisna olmaqla 5 gün 4 gecə Bakıda qalmaq, bələdçi və transferlər daxil olmaqla səyahət etmək imkanı verir.

   Belarusturistin baş direktoru Lyudmila Senkovsya bildirib ki, təqdim olunan turpaketlərə əsasən yaxın günlərdə 60 nəfərdən ibarət turist heyətinin Azərbaycana səfəri planlaşdırılır.

   Sərgidə səfirliyin birinci katibi Namiq Niftullayevikinci katib Rüfət İlyasov iştirak ediblər. Turizm şirkətlərimizin nümayəndələri Rəşad Vəliyev və Aydın Əliyev səfirlikdə olub, səfir Lətif Qəndilovla görüşüblər. Onlar səfirlik tərəfindən göstərilən dəstəyə görə təşəkkürlərini bildiriblər.

 

Mədəniyyət.- 2018.- 7 fevral.- S.9.