Ölkəmizlə UNESCO arasında əməkdaşlığın geniş perspektivləri var

 

Milli Komissiyanın gələcək fəaliyyət planına dair müzakirələr aparılıb

Xarici İşlər Nazirliyində UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyası üzvlərinin rəhbərlik etdikləri qurumlarda UNESCO məsələlərinə cavabdeh olan şəxslərin iştirakı ilə iclas keçirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, iclasın məqsədi işçi səviyyədə Milli Komissiyanın qarşısında duran məsələlərin və gələcək fəaliyyət planının müzakirəsi, eləcə də aidiyyəti qurumlar arasında daha sıx əlaqələndirmənin təmin edilməsi ilə bağlı fikir mübadiləsinin aparılması olub.

İclası açan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri - UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının baş katibi Elnur Sultanov ölkəmiz ilə UNESCO arasında mövcud əlaqələrdən bəhs edib. Baş katib bu əlaqələrin inkişafında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın müstəsna xidmətlərini qeyd edib. Vurğulayıb ki, Azərbaycan mədəniyyətinin beynəlxalq aləmdə tanıdılması və UNESCO ideyalarının təbliği istiqamətində Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən mühüm layihələr həyata keçirilib.

2017-ci ildə ölkəmizin UNESCO-ya üzvlüyünün 25 illiyini qeyd etdiyini diqqətə çatdıran E.Sultanov Azərbaycan ilə qurum arasında əməkdaşlıq üçün geniş potensialın olduğunu bildirib və gündəmdə duran cari məsələlər haqqında məlumat verib.

Daha sonra Azərbaycan ilə UNESCO arasında mədəniyyət, elm, təhsil, informasiya, multikulturalizm, gender bərabərliyi və digər sahələr üzrə əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb, bir sıra yeni təkliflər irəli sürülüb və qurumlararası koordinasiyanın möhkəmləndirilməsinin vacibliyi vurğulanıb.

 

Mədəniyyət.- 2018.- 9 fevral.- S.4.