Musiqi ilə bağlı yeni nəşrlər

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin Günəşin musiqi dəftəri kitabının nəşri başa çatdırılıb.

11 adda əsərin daxil edildiyi məcmuə uşaq musiqi məktəblərində yuxarı sinif şagirdlərinin tədrisi üçün nəzərdə tutulub. Əsərlərin audio variantı hazırlanaraq CD şəklində kitaba əlavə edilib. Prestij-N nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap edilən kitab nazirliyin tabeliyində olan uşaq musiqi məktəblərinə və kitabxanalara paylanılacaq.

* * *

Görkəmli Azərbaycan bəstəkarı və dirijoru, musiqişünas Əfrasiyab Bədəlbəylinin müəllifi olduğu İzahlı monoqrafik musiqi lüğəti təkrar çapdan çıxıb. İlk dəfə 1969-cu ildə nəşr edilmiş kitab musiqi maarifçiliyi istiqamətində yarım əsrə yaxın bir müddətdə mühüm fayda verməklə bərabər, Azərbaycan muğamşünaslığının ilk mənbələr əsasında öyrənilməsinə də ciddi təsir göstərib. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Şərq-Qərb nəşriyyatında işıq üzü görən kitab kitabxanalaramusiqi məktəblərinə təqdim olunacaq.

 

Mədəniyyət.- 2018.- 9 fevral.- S.8.