Kitablarımızın tanıdılması ilə bağlı layihə davam edir

 

 

   Füzulinin poetik xüsusiyyətləri” Türkiyədə nəşr olunub

  

   Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Türkiyədə Azərbaycan ədəbiyyatının tanıdılması və təbliği məqsədilə 2016-cı ildə başlanılan “Azərbaycan kitabının dünyaya tanıdılması” layihəsi davam etdirilir. Layihə üzrə seçmə Azərbaycan ədəbiyyatı nümunələrinin tərcüməsi, çapı və Türkiyədə yayılması həyata keçirilir.

   Bu günlərdə layihə çərçivəsində görkəmli yazıçı, ədəbiyyatşünas Mir Cəlal Paşayevin müəllifi olduğu, dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzulinin poetik xüsusiyyətləri” adlı kitab şair-tərcüməçi Yurtseven Şen tərəfindən Türkiyə türkcəsinə çevrilərək “Sevinç Fırat Zengin Yayıncılık” nəşriyyatında çap olunub.

   Kitabın Türkiyədə Füzuli yaradıcılığının tədris olunduğu bir sıra ali təhsil müəssisələrində dərs vəsaiti kimi istifadəsi planlaşdırılır.

   Qeyd edək ki, indiyədək layihə üzrə 9 adda Azərbaycan ədəbiyyatı nümunələri çap olunaraq, türkiyəli kitabsevərlərə təqdim edilib.

 

Mədəniyyət.- 2018.- 9 fevral.- S.12.