İrimiqyaslı idman yarışlarının ev sahibi ölkəyə faydaları

 

   “Azərbaycanda turizmin inkişafında beynəlxalq tədbirlər mühüm rol oynayır”

  

   Fevralın 13-də Heydər Əliyev Mərkəzində “İrimiqyaslı idman yarışlarının keçirilməsinin ev sahibi ölkəyə faydaları-2018” mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbir Azərbaycanda Formula 1 yarışının təşkilatçısı - “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) və Azərbaycan Avtomobil Federasiyasının birgə təşəbbüsü ilə gerçəkləşib.  

   BŞH-nin Marketinqkommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai ölkəmizdə ikinci dəfə təşkil olunan tədbirin Azərbaycanda biznesin inkişafına töhfələrindən danışıb.

   Gənclər və idman naziri Azad Rəhimov çıxış edərək ölkəmizin mötəbər beynəlxalq idman yarışlarını yüksək səviyyədə təşkil etdiyini, Azərbaycanın dünyanın idman mərkəzlərindən birinə çevrildiyini vurğulayıb. Nazir Azərbaycanda birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, 42-ci Ümumdünya Şahmat Olimpiadası, Avropadünya çempionatlarının müvəffəqiyyətlə təşkil olunduğunu diqqətə çatdırıb.

   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanın turizm potensialından, beynəlxalq yarışların turizm imkanlarının təbliğinə və bu sahənin inkişafına töhfəsindən danışıb. Bildirib ki, ötən il ölkəmizdə turizm sahəsində sürətli inkişaf müşahidə edilib. Dövlətimizin başçısının turizm sahəsinin inkişafı istiqamətində imzaladığı fərman və sərəncamlar müsbət bəhrəsini verir.

   Turizmin dünyada iqtisadiyyatın aparıcı sahələrindən olduğunu bildirən Əbülfəs Qarayev deyib: “Hər il dünyada bir milyarddan çox insan müxtəlif ölkələrə səyahət edir. Ötən illəri müqayisə etsək, görərik ki, ölkəmizə gələn turistlərin sayında hər il artım müşahidə olunur. 2017-ci ildə Azərbaycana gələn xarici ölkə vətəndaşlarının sayı 20 faiz artaraq 2,7 milyona çatıb. Bu artımda Bakıda təşkil olunan Formula 1 yarışının xüsusi payı var”.

   Nazir bildirib ki, dünya turizminin inkişafı ümumilikdə müxtəlif ölkələrin həyatına böyük faydalar verir. Azərbaycanda turizmin inkişafında ölkədə keçirilən beynəlxalq tədbirlər də mühüm rol oynayır. Bu yarışlar Azərbaycanın dünyada tanınması üçün əhəmiyyətlidir.

   Formula 1 qrupunun baş icraçı direktoru Çeyz Keri Azərbaycan Qran-prisinin maraqlı olması və yüksək səviyyədə təşkili baxımından digərlərindən fərqləndiyini qeyd edib, Formula 1 yarışlarının gələcək perspektivlərindən bəhs edib.

   “Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti Eldar Hacıyev Heydər Əliyev Beynəlxalq Aeroportunun imkanlarından danışıb, irimiqyaslı yarışların müsbət nəticələrindən və biznesin buna hazırlıq vəziyyətindən söz açıb. Bildirib ki, Azərbaycanda keçirilən beynəlxalq idman yarışlarında milli aviasiyamızın da rolu böyükdür. Uçuş təhlükəsizliyinin təkmilləşdirilməsi və xidmət səviyyəsinin artırılması istiqamətində daim işlər aparılır. Azərbaycanda 6 beynəlxalq statuslu hava limanı var. Heydər Əliyev Beynəlxalq Aeroportu vasitəsilə daşınan sərnişinlərin sayında hər il artım qeydə alınır. Ötən il aeroport 4 milyondan artıq sərnişinə xidmət göstərib ki, bu da 2016-cı illə müqayisədə 20 faiz çoxdur. Hava limanının potensialı 9 milyon nəfər təşkil edir. Hazırda mövcud imkanlarımızın 50 faizini belə istifadə etmirik.

   Sonra konfrans işini sual-cavab sessiyası və panel iclası ilə davam etdirib. MDB məkanında və regionda bu mövzuda ilk dəfə Azərbaycanda keçirilən konfransa dövlət qurumlarının, biznes və xidmət sahələri ilə məşğul olan şirkətlərin təmsilçiləri, Soçi Qran-prisinin yüksəkvəzifəli nümayəndələri və jurnalistlər qatılıblar.

 

 

Mədəniyyət.- 2018.- 14 fevral.- S.2.