Qara Qarayevin yaradıcılığı musiqişünaslıq elmi üçün qiymətli mənbədir

 

   Fevralın 13-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) dünya şöhrətli bəstəkar, SSRİ-nin və Azərbaycanın Xalq artisti, akademik Qara Qarayevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

   Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə Qara Qarayevin Azərbaycan musiqisinin və bəstəkarlıq məktəbinin inkişafında rolundan danışıb.

   Bildirib ki, yaradıcılığı zəngin milli köklərə əsaslanan bəstəkar Azərbaycan musiqisinin yeni mərhələdə inkişafını təmin edən sənətkarlardandır. Onun yaradıcılığı Azərbaycanda musiqişünaslıq elmi üçün qiymətli mənbədir: "Böyük bəstəkar təkrarsız və özünəməxsus əsərləri ilə musiqi tariximiz, musiqi nəzəriyyəçiləri üçün əvəzsiz tədqiqat imkanları yaradıb. Qara Qarayev öz musiqiləri ilə hələ sağlığında Azərbaycanı bütün dünyada layiqincə təmsil edib”.

   Akademik dahi bəstəkarın 100 illiyi ilə bağlı Prezident İlham Əliyevin 2017-ci il oktyabrın 17-də imzaladığı sərəncamı tədbir iştirakçılarının diqqətinə çatdırıb.

   Sonra akademik Zemfira Səfərovanın və Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadənin Qara Qarayevin Azərbaycan musiqi mədəniyyəti tarixində xidmətlərindən bəhs edən məruzələri dinlənilib.

   "Azərbaycan musiqi tarixi" kitabının üçüncü cildinin çap olunduğunu bildirən Zemfira Səfərova qeyd edib ki, kitab Qara Qarayevin yaradıcılığı ilə başlayır.

   Firəngiz Əlizadə böyük bəstəkarın tələbəsi olmaqdan qürur duyduğunu deyib: "Xoşbəxtəm ki, bu böyük insanın təkcə tələbəsi deyiləm, həm də onunla bir yerdə çalışmışam. Qara Qarayev insan kimi yüksək səviyyəli ziyalı idi. O, 110 musiqi əsərinə imza atıb. Onların hər biri əzəmətli, təkrarsız əsərdir. Onun azad düşüncəsi öz yaradıcılığına da nüfuz etmişdi".

   Daha sonra çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tədbirin təşkilinə görə AMEA-nın rəhbərliyinə təşəkkürünü bildirib. Qeyd edilib ki, bəstəkarın yubileyi çərçivəsində tədbirlər təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində keçiriləcək. Azərbaycan bəstəkarının 100 illiyi UNESCO-nun yubileylər proqramına daxil edilib.

   Tədbir bəstəkarın əsərlərindən ibarət musiqi proqramı ilə davam edib.

 

Mədəniyyət.- 2018.- 14 fevral.- S.4.