Gürcüstanda Zəlimxan Yaqubun xatirəsi anılıb

 

   Gürcüstanın Marneuli rayonunda Xalq şairi Zəlimxan Yaqubun xatirəsinə həsr olunmuş tədbir keçirilib.

   Gürcüstan Azərbaycanlıları Konqresinin (GAK) təşəbbüsü və Gürcüstan parlamentinin deputatı Ruslan Hacıyevin dəstəyi ilə keçirilən tədbirdə Azərbaycanın və Türkmənistanın bu ölkədəki səfirləri Dursun Həsənov və Dövlətmurad Muradov, Kvemo Kartli bölgəsinin qubernatoru Qriqol Nemsadze, deputatlar, digər rəsmi şəxslər iştirak ediblər.

   GAK-ın sədri Hüseyn Yusubovun açılış sözündən sonra deputat Ruslan Hacıyev Z.Yaqub haqqında xatirələrini danışıb, Xalq şairinin Azərbaycan-Gürcüstan dostluğunun inkişafında xidmətlərini qeyd edib. Qubernator Qriqol Nemsadze Zəlimxan Yaqubun gürcü şairi Şota Rustaveliyə həsr etdiyi şeiri yada salıb, şairin gürcü xalqının qəlbində yaşayacağını bildirib.

   Türkmənistanın Gürcüstandakı səfiri Dövlətmurad Muradov bildirib ki, onun ölkəsində də Zəlimxan Yaqubu çox sevirlər, onun şeirləri türkmən dilinə tərcümə olunaraq kitab halında çap olunub. Z.Yaqub türk dünyasının şairidir.

   Azərbaycanın Əməkdar mədəniyyət işçisi Musa Nəbioglu, Gürcüstan Azərbaycanlıları Ağsaqqallar Şurasının sədri İsaq Novruzov və başqaları Z.Yaqub haqqında xatirələrini bölüşüblər.

   Tədbirdə Zəlimxan Yaqubun şeirləri və sözlərinə bəstələnmiş mahnılar səslənib.

 

 

Mədəniyyət.- 2018.- 14 fevral.- S.5