MuzTV Azərbaycan kanalı peyk yayımına başlayır

Ölkəmizdə ilk musiqi internet televiziyası olan MuzTV Azərbaycan kanalı peyk yayımına başlayır. Fevralın 12-də bu münasibətlə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında tədbir keçirildi. Tədbirdə rəsmi şəxslər, Milli Məclisin deputatları, mədəniyyət və incəsənət xadimləri, media təmsilçiləri iştirak edirdilər.

Proqramın aparıcısı - Əməkdar artist Murad Dadaşov kanalın fəaliyyəti haqqında məlumat verdi. Bildirdi ki, Azərbaycan incəsənətinin, musiqimizin təbliği sahəsində yeni imkanlar açan MuzTV 2012-ci il mayın 11-dən 2017-ci il oktyabrın 20-dək www.muztv.az saytı vasitəsilə yayımlanıb. İnternet televiziyası yayıma başladığı ilk gündən tamaşaçıya dünya və Azərbaycan musiqisinin incilərini təqdim edib. Özünəməxsus layihələrin, eksklüziv kliplərin, filmlərin, ayrı-ayrı proqramların canlı internet yayımları və canlı reportajlar kanalın əsas prioritetidir. Televiziya musiqi ilə bağlı informasiya bloku, eksklüziv xəbərlər və proqramlar hazırlayır və yayır: "MuzTV-nin məqsədlərindən birixalq musiqisinin öyrənilməsi və təbliğ olunması ilə bağlı ardıcıl layihələr hazırlamaq, xalq musiqisinin bazası əsasında yaradılan peşəkar milli musiqimizlə tamaşaçıları tanış etmək, Azərbaycanın zəngin və özünəməxsus muğam sənətini daha geniş auditoriyaya çatdırmaqdır".

Mərasimdə çıxış edən Milli Məclisin Mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov Azərbaycan mədəni həyatında son dərəcə əlamətdar hadisə baş verdiyini dedi: "Müslüm Maqomayevin adını daşıyan bu möhtəşəm salon hər zaman belə əlamətdar hadisələrə şahidlik edib. Radio, televiziya XX əsrdə Azərbaycan mədəniyyətinin, incəsənətinin inkişafında mühüm rol oynayıb. Televiziyamızın ən ümdə vəzifəsi mədəniyyətimizi, incəsənətimizi yaşatmaq, maarifçiliyi yaymaqdır. MuzTV də Azərbaycan incəsənətinin təbliği üçün yeni imkanlar açacaq. Muğamlarımızın, xalq mahnılarımızın qorunması və təbliği, ayrı-ayrı musiqi proqramlarının canlı yayımı yeni televiziyanın hədəfindədir. Ümidvaram ki, kanal tamaşaçının zövqünü oxşamaqla yanaşı, həm də yeni layihələri, proqramları və verilişləri ilə geniş auditoriyanın diqqət mərkəzində olacaq".

Yaradıcı heyətə bir sıra tövsiyələr verən Milli Məclisin komitə sədri vurğuladı ki, kanalda Azərbaycan və dünya musiqi korifeyləri haqqında sənədli filmlər hazırlanmalı, insanların zövqünü oxşayan rəngarəng musiqilərə üstünlük verilməlidir.

Milli Məclisin deputatı Jalə Əliyeva informasiya məkanının geniş olduğu bir dövrdə tamaşaçı cəlb etmək üçün böyük məsuliyyət və peşəkarlıq tələb olunduğunu dedi. Bildirdi ki, bu gün Azərbaycan mədəniyyətinin, musiqisinin təbliği istiqamətində dövlətimiz böyük işlər görür. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bu istiqamətdə fəaliyyəti, onun təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən layihələr xüsusilə qeyd olunmalıdır.

Milli Məclisin deputatı Novruz Aslan qeyd etdi ki, ölkəmizdə artıq peyk yayımına başlayan musiqi kanalının fəaliyyət göstərməsi və musiqimizi təbliğ etməsi olduqca sevindiricidir: MuzTV-nin peyk yayımına başlaması böyük uğurdur. İnanıram ki, telekanal Azərbaycan musiqisinin təbliği istiqamətində mühüm işlər görəcək.

Cəfər Cabbarlı adına Azərbaycanfilm kinostudiyasının direktoru Müşfiq Hətəmov belə bir televiziyanın açılmasını mədəni zövqümüzün formalaşması baxımından mühüm hadisə kimi qiymətləndirdi. O, Azərbaycanfilm kinostudiyasının arxivində olan ən yaxşı musiqi nömrələrini MuzTV-yə təqdim etməyə hazır olduqlarını bildirdi: Ümid edirəm ki, əməkdaşlığımız musiqimizin inkişafına gözəl töhfələr verəcək.

Telekanalın direktoru Elnur Kələntərov bildirdi ki, MuzTV hər bir ailənin qonağı olacaq. Bütün iştirakçılara minnətdarlığını bildirən E.Kələntərov onlara bəslənən ümidləri doğruldacaqlarına əminliyini ifadə etdi.

Tədbir konsert proqramı ilə davam etdi.

Fariz Hüseynov

 

Mədəniyyət.- 2018.- 14 fevral.- S.8.