Vilnüs şəhərində Qəbələ rayonunun təqdimatı keçirilib

Tədbir çərçivəsində tətbiqi sənət əsərləri, milli mətbəx nümunələri nümayiş olunub

Fevralın 12-də Litvanın paytaxtı Vilnüsdə Azərbaycanın Qəbələ rayonunun təqdimatı keçirilib. Tədbir Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və ölkəmizin Litvadakı səfirliyinin birgə təşkilatçılığı ilə gerçəkləşib.

Təqdimat mərasimində Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları, xarici ölkələrin Litvadakı səfirliklərinin, yerli turizm şirkətlərinin və bir sıra digər təşkilatların nümayəndələri iştirak edib.

Mərasimdə Qəbələ rayonunun müasir həyatı, tarixi abidələri, mədəni irsi və bölgənin zəngin turizm potensialından bəhs edən videoçarx nümayiş olunub. Həmçinin tətbiqi sənət əsərlərinin sərgisi, milli mətbəx nümunələri təqdim edilib.

Tədbirdə Qara Qarayev, Fikrət Əmirov və başqa görkəmli bəstəkarlarımızın əsərləri, Azərbaycan xalq mahnıları səsləndirilib.

 

Mədəniyyət.- 2018.- 16 fevral.- S.7.