Çində bahar rəmzli il tez gəlir

Şərq təqvimi ilə Yeni ilin başlanması münasibətilə "Xalçalar və əfsanələr" adlı sərgi təşkil edilib

Əslində, bizim Şərq təqvimi dediyimiz, illərin növbə ilə 12 heyvan üstündə təhvil olma məsələsinin kökü Çindən gəlir. Bu gün, yəni fevralın 16-da Şərq təqvimi ilə Çin xalqı İt ilinin gəlişini və bahar bayramını qeyd edir.

Bu münasibətlə fevralın 14-də Azərbaycan Xalça Muzeyi ilə Çin Xalq Respublikasının (ÇXR) ölkəmizdəki səfirliyi "Xalçalar və əfsanələr" adlı maraqlı layihə təqdim etdi. Muzeydə əsasən XIX əsrin sonu və XX əsrin əvvəllərində toxunmuş heyvan təsvirli süjetli xalçalardan ibarət sərgi təşkil olunmuşdu.

Sərginin açılışında çıxış edən muzeyin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova tədbirin Çin səfirliyi ilə ilk birgə layihə olduğunu deyərək, əməkdaşlığın davamlı olacağına, iki ölkə muzeyləri arasında əlaqələrin qurulmasına təkan verəcəyinə ümid bəslədiyini bildirdi. Vurğulandı ki, Çin sivilizasiyası Böyük İpək Yolu ilə dünya mədəniyyətinə yüksək bədii dəyərə malik, dünya incəsənətinə təsir göstərən sənət əsərləri, çoxsaylı kəşflər bəxş edib. "Çin izi"nə Azərbaycan dekorativ-tətbiqi sənətində, xalça ornamentlərində, daha çox əjdaha kimi fantastik varlıqların təsvirlərində rast gəlinir. Bugünkü sərginin əsas mövzusu Çin təqvimi ilə bu ili rəmzləşdirən it obrazıdır. Hər iki xalqın mədəniyyətində it obrazı insanı pis ruhlardan qoruyan müdafiəçi mənasını daşıyır.

ÇXR-in Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vey Cinq Xua sərginin açılışında iştirak etməkdən məmnunluğunu bildirdi. Qeyd etdi ki, Çin xalqı fevralın 16-da Şərq təqvimi ilə İt ilini qarşılayır. İt Çin və Azərbaycan mədəniyyətlərində xeyirxahlıq, sədaqət rəmzidir: Əslində, Novruz bayramı azərbaycanlılara nə qədər əzizdirsə, Çin Yeni ili də bizə o qədər əzizdir. Bu münasibətlə öz adımdan və səfirliyin bütün əməkdaşları adından yeni ilinizi təbrik edirəm.

Tədbirdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin müdiri Fikrət Babayev nazir Əbülfəs Qarayevin iştirakçılara salamını çatdırdı. Bildirdi ki, nazirlik Çin dövləti ilə mədəniyyət sahəsində daha sıx əməkdaşlıq etməyə hazırdır: "Ümidvaram ki, həm muzeylər, həm də digər mədəniyyət müəssisələri arasında işgüzar münasibətlərin qurulmasında cənab səfir öz əməyini əsirgəməyəcək".

Sonra iştirakçılar "Xalçalar və əfsanələr" sərgisi ilə tanış oldular. Muzeyin birinci mərtəbəsindəki ekspozisiya salonunda nümayiş etdirilən müxtəlif atlı-itli, "Xançoban", "Rüstəm və Söhrab", bir neçə "Ovçuluq", "Dörd fəsil", "Heyvanlar aləmi" adlı süjetli xalçalarda heyvanların nəinki stilizə olunmuş, həm də tam gerçək rəsmləri təsvir edilib. Sərgi üçün Azərbaycan xalçalarında rast gəlinən it ornamental motivlərindən ibarət maraqlı video animasiya da hazırlanıb. İlk dəfə olaraq ekspozisiyada istifadə edilən multimedia müşayiəti - animasiya çarxları xalçalarda təsvir edilmiş ornamental it motivlərini sanki canlandıraraq, onları sxematik naxışdan canlı obraza çevirir.

Maraqlananlara məlumat verək ki, "Xalçalar və əfsanələr. Çin təqvimi üzrə Yeni il" sərgisi fevralın 28-dək davam edəcək.

Yeri gəlmişkən...

Simvolu sarı torpaq iti olan Çin yeni ilinin astanasında ölkənin şimal-şərqində yerləşən Lyaonin əyalətinin Şenyan şəhəri yaxınlığında bir qrup itin təsvir edildiyi nəhəng heykəl peyda olub.

Bir həftə ərzində 100-dən çox heykəltəraşın iştirakı ilə 60 min kubmetr qardan hazırlanan kompozisiyada bir itdörd balası təsvir olunub. Qar heykəlin hündürlüyü 20 metr, eni 55,66 metr, uzunluğu isə 120 metrdir.

Qeyd edək ki, Çində yeni - İt ilinin başlanması münasibətilə bütün şəhərlərdə küçələr sarı itlərin təsvir olunduğu heykəllər, plakatlar və şəkillərlə bəzədilir.

 

G.Mirməmməd

 

Mədəniyyət.- 2018.- 16 fevral.- S.8.