Gerçək olmayanı inandırıcı çəkmək

 

İrrealizm adlı sərgi keçiriləcək

Bakı Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə fevralın 19-da institutun sərgi salonunda tanınmış rəssam Soltan Soltanlının İrrealizm adlı fərdi sərgisinin açılışı keçiriləcək. Sərgidə rəssamın irreal üslubda yaratdığı 50-dək rəngkarlıq əsəri nümayiş etdiriləcək.

İrreal - gerçək olmayan deməkdir və bu, müəllifin fantaziyalarına əsaslanan yaradıcılığını xarakterizə edir. Tədbirdə bu üslubun çağdaş rəssamlıqda bədii estetik prinsipləri haqqında söhbət açılacaq.

Rəssamın fikrincə, irrealizmin başlıca tələbi qeyri-reallığı inandırıcı, məntiqli, fəlsəfi, aydın və sadə çəkməkdir. Rəssamlıq insanları həyata, gələcəyə inandırmalı, onlarda bədbinlik, qorxunc düşüncələr yaratmamalı, tamaşaçını çıxılmazlığa, anlaşılmazlığa salmamalıdır. Rəssamlıqda tamaşaçı üçün dərkedilməz əsər yoxdur, müəllifin idraki yetərsizliyindən yaranan əsər var.

S.Soltanlı həm də qrafik və karikaturaçıdır. Beynəlxalq müsabiqələrin qalib və mükafatçısı, sərgi və festivalların iştirakçısı olan rəssamın əsərləri beynəlxalq kataloqlarda yer alıb.

Sərgi fevralın 23-dək davam edəcək.

 

Mədəniyyət.- 2018.- 16 fevral.- S.16.