Respublika Uşaq Kitabxanasında tanınmış dilçi alimlə görüş

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında 21 fevral - Beynəlxalq ana dili günü münasibətilə tanınmış dilçi alim, Əməkdar elm xadimi, millət vəkili, Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərovla görüş keçirilib.

Görüşdə Bakı Dövlət Universitetinin, Azərbaycan Pedaqoji Universitetinin tələbələri, kitabxananın fəal oxucuları iştirak ediblər.

İştirakçılar kitabxananın foyesində Azərbaycan dilinin tədqiqinə aid kitablarla, eləcə də akademikin monoqrafiyaelmi əsərlərindən ibarət sərgi ilə tanış olublar.

Kitabxananın direktoru Şəhla Qəmbərova Nizami Cəfərovun elmi fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, görkəmli alim XVIII əsr Azərbaycan ədəbi dili, Azərbaycan türkcəsinin milliləşməsi tarixi, Azərbaycanşünaslıq məsələləri və başqa fundamental elmi araşdırmaların müəllifidir. Akademik N.Cəfərov dilimizin əsasları və inkişaf tarixi, qədim türk xalqları ədəbiyyatı, tariximüasir ədəbi proseslə bağlı problemlərə həsr olunmuş əsərləri ilə elmi mühitdə şöhrət qazanıb. Əsərləri Türkiyə və İranda nəşr edilib.

Görüşdə çıxış edən Nizami Cəfərov ulu öndər Heydər Əliyevin dilimizə verdiyi böyük dəyərdən, Prezident İlham Əliyevin dil siyasətindən söhbət açıb.

Tədbirdə fəal oxucuların ifasında Azərbaycan dili haqqında şeirlər, Əməkdar artist Firuz Səxavətin ifasında muğam parçaları səsləndirilib.

Sonda akademik tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib, dilimizi sevməyi, qorumağı tövsiyə edib.

 

 

Mədəniyyət.- 2018.- 21 fevral.- S.4.