Çexiyalı rəssamın Gözəllik axtarışında Şərq motivləri

Heydər Əliyev Mərkəzində Alfons Muxanın sərgisi açılıb

Fevralın 16-da Bakıdakı Heydər Əliyev Mərkəzində Alfons Muxa: gözəllik axtarışında adlı sərgi açılıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva açılış mərasimində iştirak edib.

Mərasimdə məşhur çexiyalı rəssam Alfons Muxanın nəvəsi, Muxa Fondunun prezidenti Con Muxa çıxış edərək sərginin belə möhtəşəm bir məkanda təşkil olunmasından məmnunluğunu vurğulayıb: Mən sizin gözəl ölkənizə və şəhərinizə səfər etməkdən məmnunam. Ümidvaram ki, bundan sonra ölkənizə daha çox səfər edəcəyəm.

Con Muxa qeyd edib ki, 2018-ci il həm Çexiya, həm də Azərbaycan üçün mühüm ildir, hər iki dövlət istiqlalının 100 illiyini qeyd edir: Siz sərgidə babamın əsərləri ilə ölkəniz arasında bir sıra bağlantını duyacaq və müşahidə edəcəksiniz. O, diqqətə çatdırıb ki, keşməkeşli vaxtlarda, böhranların hökm sürdüyü zəmanədə yaşamış babasının yaratdığı əsərlərin əsas məqsədi insanlar arasında körpülər salmaq, münaqişələrə yol verməmək olub.

Sərginin kuratoru Tomako Sato deyib: Alfons Muxa əsərlərində adi təbii hüdudları aşaraq, ümumiyyətlə, bəşəriyyətə aid ideyalar arasında bağlantı yaradıb, ideyaların əsasında duran mənanı öz əsərləri ilə canlandırıb. O, əsərlərini Çexiya torpağında yaratsa da, ismarışını bütün dünyaya ünvanlayırdı.

Ötən ilin oktyabrında Bakıda olduğunu deyən kurator Muxanın çəkdiyi həndəsi elementləri, motivləri Şərq ilə Qərbin qovuşduğu Azərbaycanın memarlıq nümunələrində gördüyünü, burada bir bağlantı sezdiyini bildirib: Bu sərgi həm də yeni dialoq formasıdır ki, bu da Şərq ilə Qərb arasında daha çox yaxınlaşmağa xidmət edəcək.

Sonra qonaqlar sərgi ilə tanış olublar. Sərgidə tanınmış rəssam, illüstratordizayner Alfons Muxanın bədii fəlsəfəsinin əsasını təşkil edən gözəllik mövzusunda əsərləri - 80-dən çox rəsm, afişa və plakatları, fotolar nümayiş olunur.

Art Nuvo (Yeni incəsənət) üslubunun məşhur nümayəndələrindən olan Alfons Muxa (1860-1939) Cənubi Moraviyada (Çexiya) doğulub, 1890-cı illərdə Parisdə teatrreklam afişaları, dekorativ lövhələrin dizaynı ilə məşhurlaşıb. XX əsrin əvvəlində ABŞ-da yaşamış rəssam Çikaqo İncəsənət İnstitutunda dərs deyib, Nyu-Yorkda teatrda dekorator kimi fəaliyyət göstərib. 1910-cu ildə vətəninə dönüb, çexslavyan tarixlərini əks etdirən 20 rəsmdən ibarət Slavyan dastanı toplusunu yaradıb.

Heydər Əliyev Mərkəzində nümayiş olunan sərgidə rəssamın Parisdə ərsəyə gətirdiyi, eləcə də Çexiyaya dönəndən sonrakı yaradıcılığı təqdim olunur.

Sərginin maraqlı eksponatlarından biri rəssamın həyat yoldaşı Mariyanın (Maruska) kəlağayıda əks olunan fotosudur. Rəssam məşhur Səhrada qadın əsərini həmin şəkil əsasında yaradıb. Rəngli çəkilən əsərdə əsas diqqət kəlağayıya yönləndirilib və baş örtüyünün naxışları çox dəqiq təsvir edilib.

Sərgi Heydər Əliyev Mərkəzində mayın 16-dək nümayiş olunacaq.

 

Mədəniyyət.- 2018.- 21 fevral.- S.6.