Ruhun fırça və qələmlə dindiyi toplu

 

   Son illərdə müxtəlif ölkələrdə Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı maraqlı təqdimatlar etmiş “Sönməz məşəl” Mədəni Əlaqələr İctimai Birliyi növbəti layihəyə yekun vurub. Fevralın 20-də qurum “Qadınlar yaradır: Azərbaycanda gender bərabərliyi və qadınların uğurlarına dair yaradıcı söhbətlər” layihəsinin yekunu olan “Azərbaycan qadını yaradır” kitab-albomunu təqdim etdi.

   Azərbaycan Dillər Universitetindəki Amerika mərkəzində baş tutan mərasimdə ictimai birliyin sədri, universitetin dosenti Şəhla Nağıyeva əvvəlcə layihə barədə məlumat verdi. Öyrəndik ki, nəfis tərtibatlı, Azərbaycan və ingilis dillərində çap edilmiş kitab-albom ötən ilin iyun ayında birliyin bir araya gətirdiyi rəssamyazar xanımların dördgünlük yaradıcılıq seminarının bəhrəsidir. Həmin seminar zamanı 16 rəssam və 16 yazar (şair və yazıçı) xanım qarşılıqlı ünsiyyət nəticəsində bir-birlərinin yaradıcılığından ilham alaraq maraqlı rəsmlər və ədəbi nümunələr ərsəyə gətiriblər.

   Qeyd olundu ki, 2004-cü ildən fəaliyyət göstərən təşkilat layihəni UNESCO-nun maliyyə dəstəyi və UNESCO üzrə Azərbaycan Milli Komissiyasının tövsiyəsi ilə həyata keçirib. Yeri gəlmişkən, bu, birliyin UNESCO-nun dəstəyi ilə gerçəkləşdirdiyi üçüncü layihədir. Bundan əvvəl tərcümə ədəbiyyatına dair məlumatların toplandığı «Azərbaycan dilinin xəzinəsi» saytı yaradılıb, Azərbaycan klassik qadın yazarlarının poeziya antologiyası Azərbaycan və ingilis dillərində nəşr edilib.

   Tədbirdə iştirak edən UNESCO üzrə Azərbaycan Milli Komissiyasının nümayəndəsi Leyla Hacıyeva söylədi ki, qurum bu cür maraqlı layihələri həmişə dəstəkləyir.

   Azərbaycan Dillər Universitetinin tərbiyə işləri üzrə prorektoru vəzifəsini icra edən Sərraf Hüseynov nəşrlə bağlı fikrini belə ifadə etdi: “Kitabı əlimə alanda elə fikirləşmişdim ki, feminist ruhlu bir nəşrlə tanış olacağam, amma gördüm ki, bu toplu Azərbaycan qadınının əli və dili ilə danışır, onun ruhunun səsidir”.

   Kitabdakı şeir və hekayələri Elmira Qasımova ilə birlikdə ingilis dilinə çevirmiş, ingilis dilindəki mətnlərin redaktoru və ötənilki seminarda yaradıcı xanımlarla ünsiyyətdə olmuş şair-tərcüməçi, Kaliforniya Dövlət Universitetinin müəllimi Əlison Məndəvilin ABŞ-dan skayp vasitəsilə təqdimata qoşularaq öz təəssüratını Azərbaycan dilində söyləməsi mərasimə xüsusi canlanma gətirdi.

   Sonda “Azərbaycan qadını yaradır” kitab-albomuna daxil edilmiş şeir və hekayələrin müəllifləri öz əsərlərindən parçalar oxudular.

  

   G.Mirməmməd

 

Mədəniyyət.- 2018.- 21 fevral.- S.13.