Görkəmli bəstəkarın xatirəsinə həsr olunmuş konsert

 

 

   Fevralın 22-də Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kameraorqan musiqisi zalında görkəmli bəstəkar Süleyman Ələsgərovun xatirəsinə həsr olunmuş konsert keçirilib.

   Tədbirdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elmira Pənahova çıxış edərək Süleyman Ələsgərovun musiqi mədəniyyətimizin inkişafında xidmətlərindən danışıb. Onun müxtəlif janrlarda bəstələdiyi və respublikamızın mədəni həyatında mühüm rol oynayaraq milli bəstəkarlıq sənəti tarixinə parlaq səhifələr yazmış əsərlərindən danışıb. Bildirib ki, 1924-cü il fevralın 22-də Qarabağın dilbər guşəsi Şuşada anadan olan bəstəkarın yaradıcılığı Azərbaycan peşəkar musiqi tarixinin parlaq səhifələrini təşkil edir. Azərbaycan Dövlət Konservatoriyasını bitirən S.Ələsgərov Üzeyir Hacıbəylinin qayğısı ilə böyük sənət dünyasında ilk uğurlu addımlarını atıb, ilk musiqi əsərlərini bəstələyib. Onun əsərləri Azərbaycan xalq musiqisinin ən yaxşı ənənələrini özündə əks etdirir.

   Bəstəkarın “Yada düşdü”, “Vətənimdir”, “Sərvi Xuramanım mənim”, “Qafqaz”, “Ata”, “Küsmərəm”, “Bilmirəm”, “Neylərəm” romansları bu qəbildəndir.

   Bəstəkar Azərbaycanda operetta janrının inkişafı ilə bağlı çox məhsuldar fəaliyyət göstərərək Ü.Hacıbəylinin ənənələrini davam etdirib. Onun müxtəlif illərdə yaratdığı “Ulduz”, “Özümüz bilərik”, “Olmadı elə, oldu belə”, “Milyonçunun dilənçi oğlu”, “Sevindik qız axtarır”, “Hardasan, ay subaylıq?”, “Həmişəxanım”, “Gurultulu məhəbbət”, “Hərənin öz ulduzu”, “Subaylarınızdan görəsiz” operettaları uğurlu yaradıcılıq axtarışlarının nəticəsidir.

   Tədbir bəstəkarın əsərlərindən ibarət konsert proqramı ilə davam edib. Konsertdə Xalq artisti Ağaverdi Paşayevin rəhbərlik etdiyi Azərbaycan Dövlət Uşaq Filarmoniyasının Uşaq-gənclər xalq çalğı alətləri orkestri çıxış edib. Solistlər - respublika və beynəlxalq müsabiqələr laureatları Bağır Babayev, Gülarə Ramazanova, Əli Məmmədli, Rəşad Həsənzadə, Atlas Mehdiyeva, Mehriban Quliyeva, Solmaz Rəhimova, Kamran Səmədov, Vəliməmməd SalayevSabir Ağayevin ifasında Süleyman Ələsgərovun mahnıları, digər musiqi əsərlərindən parçalar səslənib.

 

Mədəniyyət.- 2018.- 23 fevral.- S.3.