Ana dilimiz - mənəvi sərvətimiz

Azərbaycan TurizmMenecment Universitetində (ATMU) 21 fevral - Beynəlxalq ana dili günü münasibətilə Ana dilimiz - mənəvi sərvətimiz mövzusunda tədbir olub.

Tədbirdə çıxış edən ATMU-nun rektoru İlham Mədətov qeyd edib ki, Beynəlxalq ana dili günü UNESCO-nun Baş Konfransı tərəfindən dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə təsis edilib. Bu gün dünyada yaşayan minlərlə millət və etnik qrup iki yüzə yaxın dövlətin bayrağı altında cəmləşib. Bu ölkələrin rəsmi dövlət dillərinin sayı isə 70-i keçmir. Bu mənada, dilin dövlət dili statusu qazanması, həqiqətən, qürur gətirən tarixi hadisədir.

ATMU-nun İctimai fənlər kafedrasının dosenti Məhərrəm Zülfüqarlı, Dillər kafedrasının dosenti Seyidəli Məmmədli və müəllim Almaz Zöhrabova ana dilimizin inkişaf tarixindən və milli sərvətimizə dövlət qayğısından söz açıblar. Tələbə Fatimə İbadova Səməd Vurğunun məşhur Azərbaycan şeirini söyləyib, Bəxtiyar Vahabzadənin Ana dilim şeirinin şairin öz səsində lent yazısı səsləndirilib.

 

Mədəniyyət.- 2018.- 23 fevral.- S.6.